ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: professor Arif Baxışov
Bakı, 11 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) bu ali məktəbin, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılarını davam etdirir. Yazıların qəhrəmanları isə Vətən üçün alışıb-yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir. Növbəti yazı Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olmuş Arif Baxışov (1932-1994) haqqındadır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, professor Arif Baxışov Şuşa şəhərində anadan olub. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1955-ci ildə universitetin elmi xəbərlərində “Maye dielektriklərdə temperatur dissosiasiyası” mövzusunda ilk elmi məqaləsini dərc etdirib. Universiteti bitirdikdən sonra Gəncə Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) göndərilib və 2 il orada assistent və baş müəllim vəzifələrində çalışıb. Lakin elmi işə olan marağı onu yenidən Bakıya qaytarır və 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına qəbul olunub. O, akademik Həsən Abdullayevin rəhbərliyi altında bir sıra selen düzləndiricilərinin fiziki xassələrini öyrənib və 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. Universitetin Təcrübi fizika kafedrasına baş müəllim, dosent vəzifələrində çalışıb. 1965-ci ildə Yarımkeçiricilər fizikası kafedrasına keçirilərək ömrünün sonuna qədər dosent və professor vəzifələrində çalışıb.
Universitetdə çalışdığı illərdə professor A.Baxışov ümumi fizika kursunun müxtəlif bölmələri, yarımkeçiricilərin optik və fotoelektrik xassələri, dielektriklər fizikası və başqa ixtisas kursları üzrə mühazirələr oxuyub, Mendeleyev cədvəlinin I, III və VI qrupuna daxil olan elementlər əsasında mürəkkəb yarımkeçiricilərin optik xassələrinin öyrənilməsi sahəsində tədqiqatlar aparıb. 1985-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Alim respublikada və xarici ölkələrdə dərc edilən elmi-periodik jurnallarda 100-dən çox məqalə dərc etdirib, dəfələrlə beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış edib.
Professor Arif Baxışov gənc kadrların hazırlanması sahəsində gərgin əmək sərf edib. Onun rəhbərliyi altında 10 elmlər namizədi hazırlanıb. Onun elmi, pedaqoji və ictimai fəaliyyəti daim diqqət mərkəzində olub və dövlət tərəfindən “Əməkdə fərqlənməyə görə” yubiley medalı ilə təltif edilib.
Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan Ordusunun üçrəngli bayrağımızı Arif Baxışovun dünyaya göz açdığı Şuşa şəhərində ən hündür zirvəyə sancması görkəmli alimin ruhunu şad edir.