ELM VƏ TƏHSİL
“Bakı Dövlət Universitetinin tarixi” kitabı çap olunub
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovun “Bakı Dövlət Universitetinin tarixi” kitabı çap olunub. Tədqiqat bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 noyabr tarixli Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində nəşr edilən kitabda universitetin yaradılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin atdığı addımlar, Cümhuriyyət Parlamentinin qanun layihəsi, 1920-ci il aprel işğalından sonra universitetin fəaliyyəti araşdırılır.
Kitabın müəllifləri – tarix üzrə fəlsəfə doktorları Ziyad Əmrahov və Samir İsmayılovdur. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.