ELM VƏ TƏHSİL
“Bakı Dövlət Universitetinin tarixi” kitabının təqdimatı olub
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi” kitabının təqdimatını keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifləri tarix üzrə fəlsəfə doktorları Ziyad Əmrahov və Samir İsmayılovdur.
Təqdimat mərasimini institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli açaraq Azərbaycanda Avropa tipli ilk ali təhsil ocağının – Bakı Dövlət Universitetinin şərəfli tarixinə nəzər salıb. Universitetin yaranmasını Azərbaycan Xalq Cümhuriyyətinin şanlı ilklərindən biri kimi səciyyələndirən M.Seyidbəyli nəşrdə arxiv materiallarına geniş yer verildiyini bildirib. Qeyd edib ki, yeni faktlarla zəngin, BDU-nun tarixini tam əks etdirən araşdırma Elm Tarixi İnstitutunun fəaliyyətində təqdirəlayiq işlərdən biridir.
Kitabın həmmüəllifi, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov tədqiqat prosesi haqqında ətraflı məlumat verib. O, nəşrdə BDU-nun keçdiyi inkişaf mərhələləri: universitetin yaradılması ilə bağlı Cümhuriyyət hökumətinin atdığı addımlar, təhsil ocağının 1920-ci il aprel işğalından sonrakı fəaliyyəti, pedaqoji kadr hazırlığı, SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə ali məktəbin tələbə-müəllim kollektivinin iştirakı, 1989-cu ildə Azərbaycan ziyalılarının tələbi ilə ali təhsil universitetin tarixi adının bərpa olunması və digər məsələlərin, eləcə də 1990-cı ildən müasir dövrə kimi BDU-nun fəaliyyətinin ilk dəfə arxiv sənədləri əsasında araşdırılaraq oxuculara təqdim olunduğunu bildirib.
AMEA –nın Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli kitabı institutun növbəti uğurlarından biri kimi səciyyələndirib. Kitabın xüsusi həssaslıqla qələmə alındığını, dolğun xronologiya əsasında tərtib edildiyini vurğulayan Dilavər Əzimli BDU-nun keşməkeşli tarixinə ayna tutan əsərin möhtəşəm bir araşdırma olduğunu diqqətə çatdırıb.
Tədbirdə Bakıda səfərdə olan, Cümhuriyyət dövrünün tədqiqatçısı, ABŞ-ın “Binqhamton” Universitetinin professoru De Haan, BDU-nun Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanova, Elm Tarixi İnstitutunun əməkdaşları – elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, elmi işçi Hikmət Dayıyev çıxış edərək kitabı hər kəsə doğma olan BDU-nun, o cümlədən Cümhuriyyətin 100 illiyinə layiqli töhfə kimi qiymətləndiriblər.
Nəşrin redaktoru və “Ön söz”ün müəllifi institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.