ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin tələbələri Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə təhsil alan IV kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 36 nəfərdən ibarət tələbə heyəti ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində laboratoriyalarda istifadə olunan cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər.
Tələbələr, həmçinin institut əməkdaşları tərəfindən zərif üzvi sintez və aşqarlar kimyası sahəsində aktuallıq kəsb edən prioritet istiqamətlər üzrə yerinə yetirilən elmi tədqiqatların mühüm nəticələri ilə bağlı məruzələr dinləyəcəklər.
Qeyd edək ki, tələbələrin tədris-istehsalat təcrübəsi mayın 20-də başa çatacaq.