MƏDƏNİYYƏT
Bakı Ekspo Mərkəzində Fərhad Bədəlbəylinin həyat və yaradıcılığından bəhs olunan kitabların təqdimatı olub
Bakı, 7 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının direktoru professor Tərlan Seyidovun tərtib etdiyi “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı” və “Fərhad Bədəlbəyli. Musiqiyə səyahət" kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, nəşr olunan kitablar Fərhad Bədəlbəylinin və Məktəb-studiyasının çoxillik sıx yaradıcı əməkdaşlığının nəticəsidir. Sözügedən kitablar BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında hazırlanıb və "Şərq-Qərb" nəşriyyatında çap olunub. Kitabların redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktorları Aytən İbrahimova, Sevda Məmmədova və məktəb-studiyanın müəllimi Elmira Mustafayevadır.
Tədbirdə professor Tərlan Seyidov Fərhad Bədəlbəylinin həyat və yaradıcılığından bəhs olunan kitablar haqqında ümumi məlumat verib. O, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə daim səhnələri fəth etməyi arzu edib və tədbirə təşrif buyuran hər kəsə təşəkkürünü bildirib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru professor Nərminə Quliyeva, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova, kitabın redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Humanitar fənlər" kafedrasının müdiri, filologiya elmləri doktoru professor Tərlan Quliyev və kitabın nəşr olunduğu "Şərq-Qərb" nəşriyyatının rəhbəri Sevil İsmayılova çıxış edərək T.Seyidovun usanmaz yaradıcılığını yüksək qiymətləndiriblər.
Sonra F.Bədəlbəyli böyük zəhmətlə ərsəyə gələn kitabları təqdir edib, Tərlan müəllimə daim yazıb-yaratmağı arzulayaraq, bütün yaradıcı heyətə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, çıxışlararası dinləyicilərə rəngarəng konsert proqramı təqdim olunub.