Bakı Ekspo Mərkəzində metan qazı ilə işləyən gələcəyin traktoru təqdim olunub
AzerTAg.az
Bakı, 19 may, AZƏRTAC
“New Holland” şirkəti Azərbaycan şəraitinə uyğun traktor və kombaynlar istehsalı üzrə liderdir. Sərgiyə gətirilən traktor metan qazı ilə işləyir. Bu, həm də gələcəyin traktorudur.
Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin iştirakçısı, şirkətin meneceri Orxan Rəsulov məlumat verib.
Onun sözlərinə görə, traktorun özəlliyi ondan ibarətdir ki, fermalarda hazırkı vəziyyətdə təsərrüfatda olan təbii orqanik gübrədən metan qazı alaraq işləyir: “Bu o deməkdir ki, fermerlər öz fermalarının daxilində bütün dövriyyəni qapadır, yəni dizel və yaxud başqa bir yanacaqdan yox, məhz təbii gübrədən alınmış metan qazından traktoru işlədə bilir. Bu yanacağı almaq fermerə faktiki pulsuz başa gəlir”.
O.Rəsulov qeyd edib ki, “New Holland” şirkəti İtaliya brenddidir. Traktor isə İngiltərədə istehsal olunub. Şirkətin dünyanın 25 ölkəsində, o cümlədən İngiltərədə, Amerikada, İtaliyada və Türkiyədə zavodları fəaliyyət göstərir.
“New Holland” traktorlarının dizel mühərrikləri Azərbaycanda çox istifadə olunur, həmçinin kombaynlarda. Azərbaycanda 500-dən çox “New Holland” kombaynı işləyir.


Xəbərin mətnində orfoqrafik səhv var