İQTİSADİYYAT


Bakı Enerji Həftəsində 37 ölkədən 326 şirkət iştirak edəcək

Bakı, 24 may, AZƏRTAC

Mayın 31-dən iyunun 3-dək Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 28-ci Bakı Enerji Forumu keçiriləcək. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində keçiriləcək.

Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə 37 ölkədən 326 şirkət iştirakını təsdiq edib. Tədbirdə təmsil olunacaq ölkələr Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadır.

Qeyd edək ki, Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. 1994-cü ildə, sərgilər elə ilk təşkil edildiyi gündən Ümummilli Lider tərəfindən dəstəklənmişdir. Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında da öz əksini tapacaq. Bakı Enerji Həftəsinin təşkilatçıları və iştirakçıları Azərbaycanın sərgi sənayesinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolunu heç vaxt unutmur və xatirəsini dərin ehtiramla yad edirlər. Bu məqsədlə, Bakı Enerji Həftəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb.

Tədbir çərçivəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş stend də nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.