MƏDƏNİYYƏT


Bakı “Fantaziya” festivalının keçirilməsinə tam hazırdır

Bakı, 22 oktyabr, AZƏRTAC

Bakı şəhəri “Fantaziya” Mədəni İrs Festivalının keçirilməsinə tam hazırdır. Festival Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə “2018-ci il Avropa mədəni irs İli" çərçivəsində həyata keçirilir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 24-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçiriləcək mətbuat konfransında festivalla bağlı geniş məlumat veriləcək. Festivalın proqramı, bu proqrama daxil olan hər bir tədbirin mahiyyəti və məzmunu bütün xırdalıqları ilə yerli ictimaiyyət və xarici qonaqlara təqdim olunacaq.

On gün ərzində Azərbaycan ictimaiyyətini bir-birindən maraqlı, maarifləndirici və eyni zamanda, əyləncəli tədbirlər silsiləsi gözləyir. Tədbirlər sırasına - konsertlər, sərgilər, “dəyirmi masa”lar, konfranslar, film nümayişləri, Bakının maraqlı və aşkar olunmamış küçələrinə bələdçi turları daxildir.

Qeyd edək ki, Fantaziya festivalı Bakının mədəni irsinə marağı artırmaq və onu qorumaq məqsədi daşıyır. Festival, eyni zamanda, “The Landmark” Otel və Biznes Mərkəzi tərəfindən dəstəklənir. Təşəbbüsün rəsmi tərəfdaşları sırasına Azərbaycanın Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Xalça Muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və “YARAT” Müasir İncəsənət Mərkəzi daxildir. Festival, həmçinin Venesiyanın Ca’ Foscari, ADA, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət və Azərbaycan Memarlıq və İnşaat universitetləri kimi elmi mərkəzlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.