İQTİSADİYYAT
Bakı Fond Birjası Avro-Asiya Fond Birjaları Federasiyasının işçi qrupuna üzv seçilmişdir
Bakı, 6 dekabr (AZƏRTAC). Omanın paytaxtı Muskat şəhərində Avro-Asiya Fond Birjaları Federasiyası (FEAS) üzvlərinin baş assambleyasının növbəti iclası keçirilmişdir.
İclasda ölkəmizi federasiyanın üzvü olan Bakı Fond Birjası (BFB) idarə heyətinin sədri Əmin Muradov təmsil etmişdir.
BFB-dən AZƏRTAC-a bildirmişlər ki, tədbir çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin fond birjalarında listinqə çıxarılması, broker şirkətlərin maliyyə dayanıqlılığının gücləndirilməsi yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Həmçinin qurum üzvlərinin təqdimatları dinlənilmiş, idarə heyətinin və işçi qrupun iclasları keçirilmişdir.
İclasda Bakı Fond Birjası FEAS-ın “İnvestor Münasibətləri” üzrə işçi qrupuna üzv seçilmişdir. İşçi qrupun məqsədi qlobal investorların FEAS üzvü olan ölkələrin kapital bazarlarına marağının öyrənilməsi və artırılması istiqamətində tədbirlərin hazırlanmasıdır.