İQTİSADİYYAT


Bakı Fond Birjası Dünya Birjaları Federasiyasının tərəfdaşı statusunu alıb

Bakı, 14 fevral, AZƏRTAC

Bakı Fond Birjası (BFB) Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasına (World Federation of Exchanges) üzv olmaq üçün müraciət edib və tərəfdaş birja statusunu əldə edib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, bununla da Bakı Fond Birjası regionda federasiya ilə əməkdaşlığa başlayan ilk birja olub.

Dünya Birjaları Federasiyası ilə tərəfdaşlıq BFB-nin inkişaf perspektivlərində və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində yeni imkanlar yaradır. Belə ki, bu cür nüfuzlu təşkilatla tərəfdaşlıq Bakı Fond Birjasının dövriyyə göstəricilərinin beynəlxalq məlumat resurslarında açıqlanmasına şərait yaradacaq, beləliklə də Qlobal Rəqabətlik Hesabatında “Bazar kapitallaşmasının ÜDM-də payı”, habelə “Doing Business” hesabatında “Kiçik investorların qorunması” indikatorları üzrə ölkəmizin mövqeyinin yaxşılaşmasına xüsusi töhfə verəcək. Bu tərəfdaşlıq, həmçinin Bakı Fond Birjası ilə federasiyaya üzv olan digər birjalar arasında qarşılıqlı listinq və əməkdaşlıq imkanlarını artıracaq. Nəticə etibarilə bu imkanlar xarici investorların ölkə iqtisadiyyatı və yerli maliyyə bazarları barədə daha çox məlumatlanmasını təmin edəcək və gələcəkdə Azərbaycan kapital bazarına investisiya imkanlarını artıracaq.

Qeyd edək ki, Dünya Birjaları Federasiyası maliyyə bazarları infrastrukturunun əsas tərkib hissəsi olan birjalar (fond, valyuta, əmtəə və universal) tərəfindən 1961-ci ildə yaradılmış ən böyük müştərək təşkilatdır. Federasiyaya üzv və tərəfdaş olan birjaların ümumi bazar kapitalizasiyası 74,4 trilyon ABŞ dolları olmaqla illik bazar dövriyyələri 95 trilyon dollardan çoxdur. Əlavə olaraq, federasiyaya daxil olan birjalar mütəmadi olaraq birgə araşdırma və müzakirələr həyata keçirərək kapital bazarlarının inkişafını təmin edən ən yaxşı təcrübə və standartları müəyyənləşdirir. Eyni zamanda, federasiyanın birjalara dair məlumat bazası beynəlxalq maliyyə qurumları və nüfuzlu reytinq agentlikləri üçün istinad rolunu oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.