İQTİSADİYYAT
Bakı Fond Birjası beynəlxalq görüşdə iştirak edib
Bakı, 17 avqust, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UNSSE) ilə tərəfdaşlıq çərçivəsində İqlimlə bağlı Maliyyə Açıqlamaları üzrə İşçi Qrup (TCFD) ilə təşkil olunmuş görüşdə iştirak edib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, TCFD-in əsas məqsədi kapital bazarı iştirakçılarını iqlim dəyişkənliyinin maliyyə bazarlarına təsirləri barəsində yüksəkkeyfiyyətli təlimlə təmin etməkdir. İşçi Qrup, həmçinin iştirakçılara qlobal və regional kontekstlə bağlı məlumat verib və TCFD tövsiyələrini necə həll etmək üçün ilkin addımlara diqqət yetirib.
Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupuna üzv qəbul olunub. 2009-cu ildə əsası qoyulmuş Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupunun əsas məqsədi qabaqcıl ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin öyrənilməsi və tətbiqi üzrə birjalar üçün mütəşəkkil platforma yaratmaq və müəyyən olunmuş dayanıqlı inkişaf hədəfləri çərçivəsində investisiya və maliyyələşmə prinsiplərini təşviq etməkdir.