İQTİSADİYYAT
Bakı Fond Birjası ilə UNEC arasında anlaşma memorandumu imzalanıb YENİLƏNİB
Bakı, 14 dekabr, AZƏRTAC
Bakı Fond Birjası (BFB) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında "Təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair" anlaşma memorandumu imzalanıb.
İmzalanma mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, BFB-nin idarə heyətinin sədri Vüqar Namazov, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, memorandumun imzalanmasında məqsəd tələbələrin kapital bazarları barədə biliklərinin artırılması və maarifləndirilməsi, sahiblik düşüncə tərzinin formalaşdırılması, qiymətli kağızlar bazarının inkişafına dair birgə elmi tədqiqatların aparılması, BFB-nin "Listinq Məsləhət Proqramı" çərçivəsində investisiya vasitələrinin idarə olunması prinsiplərinin aşılanması imkanlarının dəyərləndirilməsi, şirkətlərin qiymətli kağızlar bazarına çıxış üçün hazırlanması, onlara təlim və məsləhət xidmətləri göstərilməsi, qiymətli kağızlar bazarına dair biliklərin tədrisinə dəstək verilməsi və yüksəkixtisaslı kadrların hazırlanmasında birgə əməkdaşlıq etməkdir.
UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin praktiki vərdiş və biliklərə sahib olmasında real sektorla əməkdaşlığın əhəmiyyətli rolu olduğunu bildirib. O, Bakı Fond Birjası ilə təcrübə və informasiya mübadiləsi, faydalı tədqiqatların həyata keçirilməsi peşəkar mütəxəssislərin yetişdirilməsinə zəmin yaradacağını diqqətə çatdırıb.
Bakı Fond Birjasının idarə heyətinin sədri Vüqar Namazov UNEC ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. V.Namazov elmi və praktiki institutların sinerjisinin Azərbaycanda sahiblik düşüncə tərzinin formalaşdırılması, yüksəkixtisaslı kadrların yetişdirilməsində xüsusi əhəmiyyətini qeyd edib. Həmçinin Listinq Məsləhət Proqramına cəlb edilmiş şirkətlərə fundamental biliklərin çatdırılmasında UNEC-in mühüm rol oynayacağını bildirib.
Memorandum çərçivəsində tərəflərin təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə müxtəlif sahələrdə müştərək proqramların hazırlanması, informasiya mübadiləsi və müvafiq layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcəyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində professor-müəllim heyətinin və tələbələrin kapital bazarları sahəsində təcrübə mübadiləsi, tələbələrarası simulyasiya yarışlarının təşkili, kapital bazarlarında mövcud problemlərin həll edilməsi məqsədilə birgə akademik müzakirələrin keçirilməsi, şirkətlərə birja fəaliyyəti və qiymətli kağızlarla bağlı mövzular üzrə tövsiyələrin verilməsi həyata keçiriləcək.
Bundan əlavə, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulan şirkətlərin ehtiyaclarına uyğun olaraq, UNEC və BFB-nin ixtisaslaşmış ekspertləri tərəfindən təlimlərin keçirilməsi və konfransların təşkili də nəzərdə tutulub.
Professor-müəllim heyəti və magistrlərin maliyyə bazarları üzrə elmi-tədqiqat araşdırmalarına kömək məqsədilə qiymətli kağızlar bazarı haqqında məlumatların əldə olunmasında BFB tərəfindən müvafiq dəstək göstəriləcək.