İQTİSADİYYAT
Bakı Fond Birjasında beynəlxalq maliyyə bazarlarında aktiv ticarət imkanları yaradılmışdır
Bakı, 4 oktyabr (AZƏRTAC). Bakı Fond Birjası (BFB) beynəlxalq maliyyə bazarlarında fəal ticarət əməliyyatlarının aparılmasına imkan verən Meta Trader 4 ticarət platformasından istifadə və üçüncü tərəflərə təqdim etmək hüquqları əldə etmişdir.
BFB-nin korporativ kommunikasiya və beynəlxalq əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, BFB fərdi və institutsional sərmayədarlara bu platforma üzərindən FOREX ticarəti, həmçinin qiymətli metallar və digər əmtəələr üzrə fərq müqavilələrinin (CFD) bağlanılması imkanını təklif edir.
BFB-nin təklif etdiyi yeni ticarət sistemi qabaqcıl texnoloji xüsusiyyətlərə malik olmaqla yanaşı, yerli maliyyə bazarları iştirakçılarının tələblərinə uyğunlaşdırılmışdır. Platformanın hazırlanması zamanı istifadə olunmuş mütərəqqi texniki həllər məlumatların qorunmasına və təhlükəsizliyinə, sistemin dayanıqlı fəaliyyətinə, həmçinin hesablaşmaların ölkə daxilində həyata keçirilməsinə imkan yaradır.
Yeni sistem üzərindən sərmayədarlar maliyyə alətləri ilə həftədə 5 gün, gündə 24 saat fasiləsiz ticarət etmək imkanı qazanacaq və ticarətin likvidliyi müvafiq market-meykerler tərəfindən təmin olunacaqdır. Platformanın tətbiqi gələcəkdə Azərbaycanda bütün növ maliyyə alətlərinin qabaqcıl texnologiyalara əsaslanan vahid platforma üzərindən ədalətli, şəffaf və çevik ticarəti üçün şərait yaradacaqdır.