İQTİSADİYYAT
Bakı Fond Birjasında ilk dəfə səhm üzrə repo əməliyyatları həyata keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
“Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında ilk dəfə olaraq səhmlərlə repo əqdləri bağlanıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, “AzFinance İnvestisiya Şirkəti” QSC-nin vasitəçiliyi ilə iki emitentə məxsus səhm üzrə repo əməliyyatı keçirilib. Kapital bazarları iştirakçıları tərəfindən qısamüddətli vəsait cəlbində səhmlərdən də aktiv istifadə olunmağa başlanıb.
İndiyədək repo əməliyyatların predmeti əsasən dövlət və korporativ istiqrazlar olub. Ümumilikdə son illər repo əməliyyatlarında əhəmiyyətli artım tempi müşahidə edilib. Belə ki, 2018-ci ildə birjada repo əməliyyatlarının həcmi 612 milyon manat olub, 2019-cu ildə isə dövriyyə 83 faiz artaraq 1,1 milyard manatı ötüb.
Qeyd edək ki, repo əməliyyatı – repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır). Repo əməliyyatları investorlar üçün qısamüddətli borc cəlbetmə imkanları təqdim edir. Bazar iştirakçıları birjanın ticarət platformasında repo əqdləri bağlayaraq qısamüddətli maliyyə ehtiyaclarını təmin edə bilərlər.
Hazırda BFB-də 23 alətlə repo aparmaq mümkündür. Repo predmeti olan qiymətli kağızların siyahısı aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://bfb.az/wp-content/uploads/2015/06/Repo-predmeti-olan-qiym-tli-ka-zlar-n-siyahis-v-t-minat-h-cmi.pdf