İDMAN


Bakı Formula-1 həyəcanına yüksək səviyyədə ev sahibliyi etdi

Bakı, 20 iyun, Səxavət Quliyev, AZƏRTAC

İyunun 19-da Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, əsas yarışdan əvvəl GP2 pilotları cari ildə sonuncu dəfə Bakı trekinə çıxıblar. Onlar Formula-1-ə dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini keçiriblər.

Yarışda bolidlərin start düzülüşü iyunun 18-də keçirilən yürüşdə müəyyənləşib. Belə ki, dünənki yarışda 1-8-ci pillələrdə yer alan sürücülər bu dəfə əks qaydada start xəttinə çıxıblar. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzülüblər.

Pilotlar bolidləri ilə 45 dəqiqə ərzində 120 kilometr məsafə qət ediblər. İkinci yarış da italiyalı pilot Antonio Covinatsinin qələbəsi ilə başa çatıb. Birinci yarışda olduğu kimi, bu dəfə də “Prema Racing” komandasının pilotu 1 dəqiqə 56,439 saniyə nəticə ilə qalib gəlib. Onun komanda yoldaşı Pyer Qasli ikinci, “ART Grand Prix” kollektivinin pilotu Sergey Sirotkin isə üçüncü olub.

Qaliblərə kuboklar təqdim edilib.

GP2 iştirakçılarının ilk yürüşündə “Prema Racing” komandasından Antonio Covinatsi finişə birinci çatmışdı. “ART Grand Prix” komandasının üzvü Sergey Sirotkin ikinci, “Russian Time” komandasının pilotu Rafael Marçello isə üçüncü olmuşdu.

Sonra Avropa Qran-prisinin pilotlarının paradı və möhtəşəm açılış mərasimi keçirilib.

Daha sonra Formula-1 Avropa Qran-prisinə start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, “Formula One Management”in prezidenti Berni Ekklstoun, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Formula-1 Avropa Qran-pri yarışına baxıblar.

Qran-prinin startından əvvəl Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx nəfərdən ibarət gənc kollektivi dövlət himnini ifa edib.

Formula-1 Avropa Qran-prisində 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın “Mercedes”in pilotu Niko Rosberq dayanıb. Ondan sonra “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo və “Ferrari”nin sürücüsü Sebastian Fettel yer alıblar.

“Toro Rosso” komandasının pilotu Daniil Kvyat texniki problemlərə görə yarışda iştirakını vaxtından əvvəl başa vurub. “Toro Rosso” komandasının digər pilotu Karlos Saynz da mübarizəni dayandırıb. Onun mübarizədən kənarlaşmasına səbəb asqıdakı problem olub. Ondan başqa, “Manor”un pilotu Paskal Verlyayn da əyləcdə problem üzündən yarışda iştiraka son verib. “McLaren”in pilotu Fernando Alonso da bolidində nasazlıq olduğundan yarışı erkən başa vurub.

Formula-1 Avropa Qran-prisi “Mercedes”in almaniyalı pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb. O, 1 dəqiqə 48,942 saniyəlik nəticə ilə birinci olub. İkinci yeri “Ferrari”nin pilotu Sebastian Fettel, üçüncü yeri isə “Force İndia”nın sürücüsü Serxio Peres tutub.

Yarış 1 saat 32 dəqiqə 52 saniyə davam edib. Bolidlər Bakı trasında 6,003 kilometr məsafədə 51 dövrə vurublar.

Qaliblərin mükafatlandırılması mərasimində birinci yeri tutan pilotun – Niko Rosberqin şərəfinə Almaniyanın dövlət himni səsləndirilib.

Niko Rosberqə kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə mühəndislər kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim edib.

Kuboklar ikinci yerin sahibi Sebastian Fettelə gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan Serxio Peresə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim olunub.

Formula-1 Avropa Qan-prisində ilk 18 yerin sahibi olan pilotlar aşağıdakılardır:

1. Niko Rosberq (Mercedes), 2. Sebastian Fettel (Ferrari), 3. Serxio Peres (Force İndia), 4. Kimi Raykonnen (Ferrari), 5. Luis Hamilton (Mercedes), 6. Valtteri Bottas (Williams), 7. Daniel Rikkardo (Red Bull Racing), 8. Maks Ferstappen (Red Bull Racing), 9. Niko Hulkenberq (Force İndia), 10. Felipe Massa (Williams), 11. Censon Batton (McLaren), 12. Felipe Nasr (Sauber), 13. Roman Qrojan (Haas), 14. Kevin Maqnussen (Renualt), 15. Colion Palmer (Renault), 16. Estaban Qutyerres (Haas), 17. Markus Erikson (Sauber) və 18. Rio Haryanto (Manor).

Formula-1 Avropa Qran-prisindəki qələbədən sonra “Mercedes”in pilotu Niko Rosberq 141 xalla cari çempionatda liderliyini davam etdirir. O, indiyədək keçirilən yeddi mərhələnin dördündə (Avstraliya, Bəhreyn, Çin, Rusiya Qran-priləri) qalib gəlib.

Avropa Qran-prisində ən yüksək sürət “Mercedes”in pilotu Luis Hamiltona məxsusdur. O, bolidini saatda 364 kilometr sürətlə idarə edib. İyunun 18-də test yürüşündə isə “Williams” komandasının pilotu Valtteri Bottas bolidini saatda 377 kilometr sürətlə idarə etmişdi.

Çempionatın növbəti – doqquzuncu yarışı olan Avstriya Qran-prisi iyulun 1-3-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.