CƏMİYYƏT
“Bakı Gənclər Klubu” İctimai Birliyi “Bir ölür – min dirilərik -2!” layihəsini həyata keçirəcək
Bakı, 17 sentyabr, AZƏRTAC
“Bakı Gənclər Klubu” İctimai Birliyi gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində növbəti layihəsini həyata keçirəcək.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ictimai birlik Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bir ölür – min dirilərik -2!” adlı layihə icra edəcək. Dekabrın 15-dək davam edəcək layihə Bakı şəhəri, Biləsuvar rayonu və bir il əvvəl torpaqlarımızın düşmən tapdağından azad olunması istiqamətində fəal döyüşlərin getdiyi coğrafi ərazilərdə həyata keçiriləcək.
Layihə çərçivəsində səfərlər Vətən müharibəsi qazilərinin yaşadıqları Biləsuvar rayonu və 44 günlük müharibə zamanı qızğın döyüşlərin getdiyi coğrafi ərazilərə təşkil olunacaq. Videoçarxlarda müxtəlif hərb sahələri üzrə döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxan qəhrəmanların döyüş yolu, onların gənc nəslə tövsiyələri və s. kimi məqamlar öz əksini tapacaq.
Videoçarxlar gələcəkdə gənclərimizin vətənpərvər ruhda böyüməsində, müasir qəhrəman obrazlarının yaranmasında, həmin qəhrəmanların gənclər və cəmiyyət tərəfindən tanıdılmasında böyük rol oynayacaq.
Layihə çərçivəsində 3 videoçarxın çəkilişi nəzərdə tutulub. Layihənin məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçülərimizi videoçarxlar vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə müasir qəhrəman obrazları yaratmaqdır.