CƏMİYYƏT
Bakı Gənclər Mərkəzində dəyirmi masa təşkil olunub
Bakı, 2 aprel, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün anılması məqsədilə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, "Əsgər ailəsi cəmiyyəti" Vətənpərvərliyin təbliği İctimai Birliyinin sədr müavini, hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Firdovsi Vəliyev, ADA Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Türkiyədə təhsil alan tələbələrin iştirakı ilə keçirilən dəyirmi masa ulu öndər Heydər Əliyevin, 31 Mart soyqırımı qurbanlarının, eləcə də 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhunun birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbir zamanı erməni mənfurlarının soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər, erməni vandalizminin acı nəticələri gənclərin diqqətinə çatdırılıb. Bakı Gənclər Mərkəzinin Vətən müharibəsi dövründə orduya, müharibədən sonra şəhid və qazi ailələrinə göstərdiyi dəstəkdən də söz açılıb.