CƏMİYYƏT
Bakı Heyvanat Parkında “Açıq qapı” günü təşkil edilib
Bakı, 14 dekabr, AZƏRTAC
Bu ay Bakı Heyvanat Parkının yaradılmasının 90 ili tamam olur.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə park bu gün “Açıq qapı” gün elan edərək hər kəs üçün pulsuz fəaliyyət göstərib.
Qeyd edək ki, 1928-ci ilin dekabrından Bakı şəhərinin keçmiş Lunaçarski, indiki Nizami parkında bir guşə kimi zoobağ fəaliyyətə başlayıb. Bu tarix heyvanat parkının yaradılma tarixi kimi qəbul edilir.
Müxtəlif zamanlarda məkanı dəyişdirilərək genişləndirilən zoopark 80-ci illərə qədər Bayıl qəsəbəsində bir hektar sahədə fəaliyyət göstərib. 1982-ci ildə həmin ərazidə torpağın sürüşmə təhlükəsi nəzərə alınaraq indiki yerinə köçürülüb və sahəsi bir hektardan çox artırılıb. Zooparkın gələcək inkişafını təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2001-ci ildə burada ərazi artırılaraq 4,25 hektara çatdırılıb.
Hazırda Bakı Şəhər Heyvanat Parkı xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri siyahısına daxil edilərək qorunur. Park 1995-ci ildən 18 ölkədən 70-dək zooloji parkın daxil olduğu Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür və bu heyvanat parkları ilə geniş əməkdaşlıq əlaqələri qurulub.
1995-ci ilə qədər zooparkda 60 növ və 200 baş heyvan saxlanılırdı. Ötən illər ərzində burada heyvanlar aləmi daha da zənginləşdirilib. Balıqlar üçün akvarium, sürünənlər üçün terrarium, qırqovulların nümayişi üçün fazanarium ekspozisiyası yaradılıb.
Bu gün parkda 151 növə aid 1240-ə yaxın heyvan mühafizə olunur. Heyvanat parkı əhalinin istirahət yeri olmaqla yanaşı, uşaqların canlılara, təbiətə və ətraf mühitə münasibətinin formalaşmasında mühüm rol oynayır. Digər tərəfdən, zooparkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılmasını təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.
Hazırda parkda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə tam yenidənqurma və rekonstruksiya işləri aparılır.