ELM VƏ TƏHSİL


Bakı İstanbul liseyinin məzun buraxılışı olub

Bakı, 14 iyun, AZƏRTAC

Bakı İstanbul liseyinin məzun buraxılışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı İstanbul liseyinin direktoru Zeliha Abdullayeva məzun buraxılışı münasibətilə müəllimləri, valideynləri və şagirdləri təbrik edib, ölkədə fəaliyyət göstərən və ya yeni açılan hər bir tədris müəssisəsinin təhsilin inkişafı üçün əhəmiyyətli olduğunu deyib. Bildirib ki, rəhbəri olduğu lisey Azərbaycan-Türkiyə qardaşlıq, dostluq münasibətlərini özündə birləşdirir.

Lisey haqqında məlumat verən Z.Abdullayevanın sözlərinə görə, təhsil ocağı 2018-ci il sentyabrın 15-dən fəaliyyətə başlayıb. Həmin il liseydə təhsil almaq üçün 130 şagird qəbul olub. Liseydə məktəbəqədər hazırlıq qrupları da mövcuddur. Eyni zamanda, Azərbaycan, türk, ingilis və rus bölmələri var. Uşaqlar dərslərini məşğələlərdə hazırlaşır. “Ötən tədris ilində liseyin altı məzunu vardı. Artıq iki məzun imtahan nəticələrinə uyğun olaraq Türkiyədə təhsil alacaq. Liseydə proqramlı şəkildə həftədə 2 dəfə kompüter dərsləri keçirilir. Burada azərbaycanlı müəllimlərlə bərabər, Türkiyədən gələn müəllimlər də çalışır. Həftədə iki dəfə idman və milli rəqs dərsləri keçilir. Liseyimizin proqramı “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında qurulub. Hədəfimiz liseyimizdə təhsil alan şagirdlərin sayının artırılmasıdır. Bu il 250 şagirdin liseyimizdə təhsil alması planlaşdırılır. Məqsədimiz Vətəninə, ölkəsinə, dövlətinə bağlı olan və həyatı sevgi dolu yaşayan şagirdlər yetişdirməkdir", - deyə Z.Abdullayeva qeyd edib.

Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı bildirib ki, ötən il lisey açılışında iştirak edib və artıq bu gün məzun gününə qatılıb. “Liseyin açılışında elm adamları, akademiklər, deputatlar xeyir-dua verib. Çünki bu düşüncənin arxasında çox böyük dəyər var, Türkiyə və Azərbaycanın birliyi var. Düşünürəm ki, liseyin uğurları valideynlərin, şagirdlərin elmə, mədəniyyətə, təhsilə olan böyük marağı və dövlətimizin gələcəyə olan sevgisidir. Bu gün burada 150-yə yaxın şagird iştirak edir. Ümid edirəm ki, növbəti təhsil illərində bu sıra 500-ü keçəcək. Bakı İstanbul liseyi fəaliyyətə başladığı vaxtdan təhsilə, intizama, mədəniyyətə, milli-mənəvi dəyərlərə çox böyük dəyər verən lisey olub. İnanıram ki, liseyin tələbələri, şagirdləri gələcək Azərbaycanın əsas daşıyıcıları olacaqlar”, - deyə M.Qasımlı vurğulayıb.

M.Qasımlı deyib ki, artıq növbəti dərs mövsümünə bir neçə ay qalıb. Sentyabrın 15-i Bakının qurtuluşu günü, işğaldan azad olunduğu gündür. 99 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. İyunun 15-i isə Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsidir.

M.Qasımlı məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ədəbiyyatşünas, professor Rüstəm Kamal bildirib ki, bu gün çox sevindirici gündür. Məzun buraxılış günü valideynlər, müəllimlər, daha çox isə məzunlar sevinir. Artıq 9 ay geridə qalıb, bu gün liseyin ilk məzun buraxılışı qeyd edilir. “Bir liseydə ki, uca türk millətinə, türk xalqına böyük sevgi var, orada təhsil uğurları da olacaq. Bu liseyin adında iki cümhuriyyətin iki böyük şəhərinin adı çəkilir. Bu, artıq türk xalqının əzəməti, müvəffəqiyyəti deməkdir. Azərbaycan ilə Türkiyəni istiqlal dəyərlərimiz, istiqlal tariximiz, eyni əxlaq, mədəniyyət, eyni əcdadlar birləşdirir. İki ölkənin təhsili birləşəndə isə biz daha da güclü və sarsılmaz oluruq”, - deyə R.Kamal söyləyib.

R.Kamal liseyin direktoru Zeliha Abdullayeva başda olmaqla, bütün müəllim-şagird kollektivinə uğurlar arzulayıb.

Məzun buraxılışı əyləncəli konsert proqramı ilə davam edib. Liseyin şagirdləri Azərbaycan və türk dillərində şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.