MƏDƏNİYYƏT


Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimi keçirilib

Bakı, 23 noyabr, AZƏRTAC

Xalça sənəti Qobustan qaya rəsmləri, Möminə Xatun məqbərəsi, Şəki Xan sarayı, Miniatür sənəti kimi Azərbaycanın bəşəriyyətə bəxş etdiyi ən böyük sərvətlərdən biridir. Xalça həm memarlıq, həm rəssamlıq, həm ədəbiyyat, həm də musiqi ilə bağlı bir sənətdir. At çulu, məfrəş, heybə kimi xalçaçılıq sənəti nümunələri həm məişət, həm də sənət əsəri kimi çox qiymətli nümunələrdir. Bildiyimə görə, dünyada ən qədim xalça Altayda tapılıb və onun tədqiqatçısının fikrincə, vaxtilə Azərbaycan ərazisində olan Midiya mənşəlidir. Dünyanın ən böyük Şeyx Səfi xalçası Təbrizdə şah Təhmasibin vaxtında toxunub və indi London muzeyində nümayiş olunur. Dünyanın müxtəlif muzeylərində Qarabağ, Şirvan, Quba, Təbriz xalçası görəndə onu vətənimizin bir simvolu kimi qəbul edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xalq yazıçısı Anar noyabrın 22-də Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimində söyləyib.

Muzeyin 50 illiyinə həsr olunmuş 400 səhifəlik Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitabın ayrı-ayrı bölmələrinin müəllifləri Şirin Məlikova, Kübraxanım Əliyeva, Mira Məmmədxanova, Aytən Əhmədova, Gülzadə Abdulova, həmçinin Aygün Abbasova və Qoşqar Qoşqarlı milli xalça sənətinin ən müxtəlif nümunələri haqqında məlumat veriblər. Onlar qeyd ediblər ki, kitabda muzeyin tarixi, zəngin kolleksiyasının ən gözəl nümunələri, xalçaların müxtəlif növləri, dekorativ-tətbiqi sənətin ayrı-ayrı sahələri, eləcə də xalça sənətinin inkişafında xüsusi rolu olan görkəmli sənətkarlar haqqında dolğun məlumatlar verilib.

Nəşrdə muzeyin eksponatlarının şəkilləri ilə yanaşı, onun tarixini əks etdirən arxiv fotoları və sənədləri illüstrativ materiallar əsasında verilib. “Azərbaycan Xalça Muzeyi” kitabında muzeyin sərgi işi, beynəlxalq əlaqələri və Qarabağın işğalından sonra Milli Xalça Muzeyində müvəqqəti olaraq fəaliyyət göstərən Şuşa filialına həsr olunan bölmələr də var.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında xalça sənəti ilə ədəbiyyat, poeziya arasında bir bağlılıq olduğunu diqqətə çatdıraraq təqdimat mərasiminin Bakı Kitab Mərkəzində olmasını təbii hadisə hesab etdiyini bildirib. O, Xalça Muzeyinin yaranma tarixini xatırladıb və xalq yaradıcılığı növü olan xalça sənətinin bəşəriyyətin ən qiymətli sərvətlərindən biri kimi qorunduğunu deyib. Nazir sürpriz bir məlumatı da tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Xalça Muzeyi elə tikilib ki, nə vaxtsa Xəzərdə suyun səviyyəsi qalxsa, onda bu muzey də bir gəmi kimi suyun üzərinə qalxacaq və qədim sənətin nümunələri bəşəriyyətin ən qiymətli xəzinələrindən biri kimi fəlakətlə üzləşməyəcək”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Quliyev Üzeyir Hacıbəylinin ”Arşın mal alan” operettasından ariya ifa ediblər.

“Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimində Muzeyin texnologiya şöbəsinin əməkdaşlarının hazırladığı xovlu və xovsuz xalça nümunələri təqdim olunub, şəddə və çətən toxuması üzrə ustad dərsləri keçirilib. Mərasim yeni toxunan xalçanın adət-ənənəyə uyğun şəkildə dəzgahdan kəsimi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.