CƏMİYYƏT
Bakı Kitab Mərkəzində "Yüksəl" layihəsinin təqdimatı olub
Bakı, 15 yanvar, AZƏRTAC
Heydər Əliyev Fondu və Bakı Kitab Mərkəzinin təşəbbüsü ilə yaradılmış və “BP Azerbaijan” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən tələbə və gənclər üçün "Yüksəl" layihəsinin yanvarın 15-də təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, bir il müddətində reallaşdırılacaq “Yüksəl” layihəsi tələbə və gənclərin xəyallarını gerçəkləşdirməyə, fərdi keyfiyyətlərinin inkişafına istiqamətlənib. Layihənin əsas ideyası gəncləri müxtəlif sahələrdə böyük nəticələr əldə etməyə həvəsləndirməkdir.
Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı deyib ki, layihə çərçivəsində Bakı Kitab Mərkəzində ixtisaslarında yüksək zirvələrə çatmış gənclərə ilham verən mütəxəssislər tərəfindən hər həftə müxtəlif mövzularda ödənişsiz seminarlar təşkil olunacaq. Bu seminarlar zamanı mühazirəçilər gənclərin dünyagörüşünü genişləndirmək, bacarıqlarını inkişaf etdirmək məqsədilə onlara praktik məsləhətlər və məlumatlar verəcəklər.
“BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin belə bir layihənin reallaşmasında iştirakından məmnunluğunu bildirib. O, 2020-ci ildə şirkətin rolunun yalnız neft-qaz sahəsində deyil, digər istiqamətlərdə də yadda qalacağına ümidvar olduğunu söyləyib. Qeyd edib ki, bütün layihələrin təməlində kitab amili dayanır. Son iki il ərzində şirkət 39 kitab ərsəyə gətirib və bunlar da dünyanın aparıcı universitetlərinin kitabxanalarında dəyərli vəsait kimi istifadə olunur. Eyni zamanda, “Yüksəl” layihəsi çərçivəsində keçirilən bütün tədbirlərdə iştirakçılara şirkət tərəfindən dəyərli kitablar hədiyyə ediləcək.
Sonra həkim psixiatr Orxan İsgəndərov “İxtisas seçimi” mövzusunda seminar keçirib. O, ixtisas seçimində nəzərə alınmalı olan əsas amillərdən danışıb.
Tədbir sual-cavab şəklində davam edib.
Sonda tələbələrə kitablar hədiyyə edilib.
Qeyd edək ki, “BP Azerbaijan” “Yüksəl” layihəsinin sponsoru olaraq bu kitabların alınmasına maliyyə dəstəyi göstərir və bununla da Azərbaycan gənclərinin intellektual inkişafına töhfə verir.