CƏMİYYƏT


Bakı Konqres Mərkəzində “Delta hepatiti” adlı beynəlxalq konfrans öz işinə başlayıb YENİLƏNİB

Bakı, 27 iyun, Əziz Məmmədov, AZƏRTAC

İyunun 27-də Bakı Konqres Mərkəzində “Delta hepatiti” adlı ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyi tərəfindən təşkil olunub və ilk dəfədir ki, Asiya-Sakit Okean Qaraciyər Tədqiqatları Assosiasiyasının platformasında qurulub.

Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva KİV nümayəndələrinə müsahibəsində bildirib ki, tədbirin mövzusu çox nadir, lakin son illər ərzində çox təhlükəli sayılan qaraciyər virusudur: “Beynəlxalq konfransın işində 30-dan artıq ölkədən ümumilikdə 500-dən çox iştirakçı var. Konfransın devizi "Qələbə üçün birləşək" adlanır. Nadir sayılan D hepatitinin çox ağır fəsadları olur. Problemin vacibliyi ondan ibarətdir ki, bu xəstəlik uzun illər heç bir simptomu olmadan inkişaf edir və çox qısa vaxt ərzində qaraciyərin sirrozu ilə nəticələnir. Mövzunun vacibliyini nəzərə alaraq tədbiri həyata keçirmək üçün iki il öncə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdik və dəstək aldıq. Bu, Mehriban xanımın hər zaman olduğu kimi əhalinin sağlamlığına, tibb elminin inkişafına qayğısının təzahürüdür. Məqsədimiz öz həkimlərimizi maarifləndirək, yeni informasiyaları Bakıda və regionlarda da yayaq, insanlara kömək edək. Bunun da nəticəsində həkimlərimiz daha da ixtisaslaşacaq. Konfrans çərçivəsində bu xəstəliyin sosial problemləri də müzakirə olunacaq. Bu sahədə ən təcrübəli mütəxəssislər, professorlar Masao Omata (Yaponiya), Anna Lok, Robert Giş, Cefri Glen (hamısı ABŞ-dan), Sayed Hamid (Pakistan), Abdulkadır Dokmeci, Deniz Balci, Cihan Yurdaydın (hamısı Türkiyədən) və başqaları konfransda çıxış edib, müzakirələr aparacaqlar”.

Tədbirin təşkilat komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin endoskopisti, qastroenteroloqu Həcər Həsənova beynəlxalq konfransla bağlı məlumat verib: “Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və davamlı tibbi təhsil üzrə 16 kredit vahidi verilib. Tədbirin əsas mövzusu hepatitlər, qaraciyər transplantasiyası, qaraciyər onkologiyası problemləri və onların müalicəsidir. Virus hepatiti vaxtında aşkar olunmasa və müalicə edilməsə, müxtəlif fəsadlara gətirib çıxara bilər. Bu fəsadlardan biri də son mərhələ olan xərçəng xəstəliyidir. Konfrans çərçivəsində Delta və B hepatitləri üzrə mütəxəssislərin təqdimatları nəzərdə tutulub. Konfrans aparıcı klinik mütəxəssislər və tədqiqatçılarla görüşmək, qarşılıqlı əlaqə yaratmaq və hepatoloqlar üçün ən son məlumatları əldə etmək imkanı yaradacaq".

Konfrans məruzələrin dinlənilməsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.