İQTİSADİYYAT
Bakı Limanında Avropadan Çinə yüklərin daha operativ aşırılması üçün intermodal terminal tikiləcək
Bakı, 18 iyun, AZƏRTAC
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema ilə görüşüb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə bu ilin martın 5-də Bakı Limanı ilə Niderlandın Fontis Tətbiqi Elmlər Universiteti, Qilde İnstitutu və regionun aparıcı logistika şirkəti “Cabooter Group” arasında anlaşma memorandumu imzalandığı vurğulanıb. Memoranduma əsasən, Bakı Limanının əməkdaşları, Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkət nümayəndələri və ya ümumiyyətlə nəqliyyat, ticarət və logistika sahəsində çalışmaq istəyən şəxslər Niderlanda 4 aylıq təlim-tədris proqramına cəlb ediləcəklər. Eyni zamanda, 2019-cu il noyabrın 26-da Bakı Limanı ilə Niderlandın “Cabooter Group” şirkətləri arasında Orta Dəhliz vasitəsilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədilə saziş imzalanıb və gələcəkdə bu sahədə də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
T.Ziyadov vurğulayıb: “Bakı Limanında Avropadan Çinə daşınan yüklərin daha operativ qaydada aşırılmasını təmin etmək məqsədilə intermodal terminalının tikintisi nəzərdə tutulur ki, bu sahədə də Niderlandda fəaliyyət göstərən şirkətlərlə geniş əməkdaşlıq xoş olardı”.