İQTİSADİYYAT
Bakı Limanında ilk altı ayda konteyner və sərnişin dövriyyəsində ciddi artım müşahidə olunub
Bakı, 11 iyul, AZƏRTAC
Bakı Limanında ilk altı ayda konteyner və sərnişin dövriyyəsində ciddi artım müşahidə olunub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında aparıcı qurumlardan olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) öz fəaliyyətini uğurla davam etdirir. Belə ki, 2018-ci ilin ilk altı ayında yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86 faizi tranzit yüklərin payına düşüb.
Hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb. Belə ki, 2018-ci ilin birinci yarımilində TEU ekvivalentində 10 min 746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 faiz artım deməkdir. Sərnişindaşımasında isə 37 faiz artım müşayiət olunubdur. Belə ki, cari ilin 6 ayı ərzində 19 min 965 sərnişin Bakı Limanının imkanlarından istifadə edib. Onlardan 16 min 526 sərnişin (82,8 faiz) Türkmənistan, 3439 sərnişin (17,2 faiz) isə Qazaxıstan və əks istiqamətdə səfər edib.
Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 21 min 960 ədədə çatıb. Vaqonların 9409-i (42,8 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 161 vaqon (0,8 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 12 min 390 vaqon (56,4 faiz) isə Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.
Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən irihəcmli nəqliyyat vasitələrinin sayı 9512 ədədə çatıb. Bunlardan 5353 ədədi (56,3 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4047 ədədi (42,5 faiz) Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1,2 faiz) isə Bakı-Kurık-Bakı istiqaməti üzrə hərəkət edib.
Xatırladaq ki, 2018-ci il mayın 14-də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə açılışı həyata keçirilib yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci fazada yükaşırma potensialı illik 15 milyon ton, o cümlədən 100 min TEU konteynerdir. 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü isə Ro-Ro və Ro-Pax tipli gəmilərə xidmət göstərir. Daha bir körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur.