İQTİSADİYYAT
Bakı Limanında konteyner və təkərli texnikanın aşırılmasında 28 ilin rekord göstəricisi qeydə alınıb
Bakı, 27 yanvar, AZƏRTAC
2019-cu ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də konteyner və təkərli nəqliyyat vasitələrinin aşırılmasında son 28 ilin rekord göstəricisi qeydə alınıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən il limanda 35 min 152 TEU konteyner aşırılıb, bu da 2018-ci illə müqayisədə 53,6 faiz artım deməkdir (2018-ci ildə isə bu rəqəm 22 min 887 TEU təşkil edib). Çin Xalq Respublikasından gələn konteynerlərin sayı 111 faiz artaraq 5369 TEU olub (2018-ci ildə 2547 TEU olub). İl ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində konteyner yüklərinin daşınmasında ciddi artımın səbəbi 2019-cu ilin aprelindən konteyner daşıyan “Türkestan” və “Beket Ata” gəmilərinin Qazaxıstan-Azərbaycan marşrutu üzrə işləməyə başlamasıdır.
TIR-lar da daxil olmaqla, təkərli texnikanın aşırılmasında 2018-ci ilə nisbətən 57,3 faiz artım qeydə alınıb və 33 min 671 təkərli texnika aşırılıb. Bunlardan 24 min 970 ədədi (74,2 faiz) Bakı-Türkmənbaşı-Bakı, 8701 ədədi isə (25,8 faiz) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Təkərli texnikanın nəzərə çarpacaq dərəcədə artımı, əsasən Türkiyə, Ukrayna və Türkmənistan TIR-larının marşrut üzrə istifadə intensivliyi ilə bağlıdır.
Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında iki körpüdən ibarət olan Ro-Ro terminalı, həmin ilim mayın 14-də isə Yeni Bakı Limanı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Bütün inşa işləri bitdikdən sonra liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 min konteyner yük aşıra biləcək.