İQTİSADİYYAT
Bakı Limanından aşırılan TIR və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub
Bakı, 18 yanvar, AZƏRTAC
2020-ci ildə Bakı Limanından aşırılan irihəcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən il ərzində TIR-ların sayı 2019-cu ilə nisbətən 28 faiz artaraq 43 min 218 ədəd olub. Bunlardan 27 min 934 ədədi (65 faizi) Bakı-Türkmənbaşı-Bakı, 15 min 284 ədədi isə (35 faizi) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Aşırılan konteynerlərin sayında 15 faiz artım qeydə alınıb və TEU ekvivalentində 40 min 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711,7 min ton təşkil edib.
Beləliklə, son 5 illə müqayisədə TIR-ların aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında isə aşırılan yüklərin həcmində 3,5 dəfə artım qeydə alınıb.