İQTİSADİYYAT
Bakı Limanının təşəbbüsü ilə keçirilən daha bir beynəlxalq təlim uğurla yekunlaşıb
Bakı, 21 avqust, AZƏRTAC
Belçika Krallığında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Antverp Beynəlxalq Limanının birgə keçirdiyi “İnsan faktoru: Təhlükəsizlik, Mühafizə və Sağlamlıq” layihəsi uğurla başa çatıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, təlimin sonuncu günündə iştirakçılar Antverpen şəhərində yerləşən Dövlət Təhlükəsizliyi və Mühafizə İnstitutuna səfər edib burada müxtəlif növ yanğınların ən effektiv söndürülmə üsulları, təhlükəsizlik və sağlamlıq tədbirləri ilə tanış olub, tətbiqi üsullarını öyrəniblər. Daha sonra iştirakçılar Antverp Beynəlxalq Limanında yerləşən “Liman Evi”ndə olub, burada iştirakçıların təlimlə bağlı fikirləri öyrənilib, sualları cavablandırılıb. Daha sonra bağlanış mərasimi baş tutub və burada Azərbaycanın müxtəlif dövlət qurumlarının və özəl şirkətlərinin təhlükəsizlik məsələlərindən cavabdeh olan 12 rəhbər şəxsinə təlimi uğurla baş vurmalarına dair sertifikat təqdim edilib.
Qeyd edək ki, Bakı Limanının təşəbbüsü ilə həm ölkəmizdə yerli və xarici mütəxəssislər tərəfindən, həm də xarici ölkələrdəki tərəfdaşlarla mütəmadi olaraq müxtəlif mövzular üzrə təlimlər keçirilir. Bu layihələr barədə limanın rəsmi sosial şəbəkə hesablarından məlumat əldə edə bilərsiniz.