İQTİSADİYYAT
Bakı-Mahaçqala qatarı sadələşdirilmiş gömrük proseduru ilə işləyəcək
Moskva, 2 oktyabr, AZƏRTAC
Bakı-Mahaçqala qatarı Sankt-Peterburq-Helsinki sürət qatarlarının nümunəsi ilə işləyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI iclasında jurnalistlərə bildirib. O deyib ki, Dərbənddən keçəcək Mahaçqala-Bakı qatarının Sankt-Peterburq-Helsinki sürət qatarı kimi sadələşdirilmiş gömrük proseduru ilə sərhədi keçməsi məsələsi müzakirə olunur. V.Vasilyevin fikrincə, bu, qarşılıqlı turist axınının artırılmasına kömək edəcək.
Dağıstanın başçısı əlavə edib ki, bu məsələ Azərbaycan və Rusiyanın müvafiq nazirliklərinin Dərbənddə keçirilən görüşündə müzakirə olunub.
O, həmçinin bildirib ki, bir çox müsəlman məbədlərinin yerləşdiyi qədim Dərbənd şəhərinin turizm mərkəzinə çevrilməsi üçün plan hazırlanır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva