İQTİSADİYYAT
“Bakı Metropoliteni” QSC “Koroğlu” stansiyasında baş vermiş yanğınla bağlı məlumat yaymışdır
Bakı, 16 may (AZƏRTAC). “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Koroğlu” stansiyasında baş vermiş yanğınla bağlı məlumat yaymışdır.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə mayın 16-da saat 08:09-da Həzi Aslanov-Dərnəgül xətti üzrə hərəkət edən qatarda qeydə alınmışdır. Qatar platformaya daxil olarkən 4-cü vaqonda güclü tüstülənmə baş vermişdir.
Qatar dərhal enerji qaynağından ayrılmış, qatara baxış keçirilmiş və tüstülənmənin qarşısı alınmışdır. Stansiyaya yanğınsöndürmə və təcili tibbi yardım briqadaları çağırılmışdır. Yanğının baş verdiyi qatar xətdən çıxarılaraq baxış üçün depoya göndərilmiş, sərnişinlər dərhal təxliyə olunmuşlar. Xətlər gərginlikdən ayrılmış, hərəkət normal qaydada bərpa edilmişdir. Bu müddət ərzində stansiyaya sərnişinlərin girişinə məhdudiyyət qoyulmuş, qatarların hərəkəti dayandırılmışdır.
Qatarların hərəkətində yaranmış fasilə 21 dəqiqə davam etmişdir. 08:30-da bütün qatarların hərəkəti bərpa olunmuşdur.
Hadisə nəticəsində xəsarət alan olmamışdır.