CƏMİYYƏT
“Bakı Metropoliteni” QSC-də növbəti dini maarifləndirmə tədbiri təşkil olunub
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-Tədris Mərkəzində növbəti dini maarifləndirmə tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri Mehdi Məmmədov, Bakı Şəhər Baş Polis İdarəsinin Bakı Metropolitenində polis şöbəsinin rəhbərliyi və əməkdaşları, “Bakı Metropoliteni”nin məsul işçiləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Daha sonra çıxış edən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri Mehdi Məmmədov mövzunun əhəmiyyətindən danışıb. O bildirib ki, DQİDK “Bakı Metropoliteni” ilə birgə mütəmadi olaraq bu cür maarifləndirmə tədbirlərini keçirir.
DQİDK sədrinin müavini Səyavuş Heydərov çıxışında ölkəmizdə dini radikalizm və dini ekstremizmlə mübarizə tədbirlərindən bəhs edib. O, bu istiqamətdə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə”, “Şəhadət” sənədli filmlərinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. S.Heydərovun sözlərinə görə, bəzi xarici qüvvələr İslam dinindən siyasi və iqtisadi maraqlar naminə alət kimi istifadə edirlər ki, Yaxın Şərqdə baş verən proseslər buna bariz nümunədir. Əslində dinimiz sülh dinidir və insanları sülhə, əmin-amanlığa çağırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ictimai-siyasi sabitliyin mövcud olduğunu diqqətə çatdıran sədr müavini bildirib ki, Azərbaycan dövlət-din münasibətlərinə, tolerantlıq və multikulturalizm siyasətinə görə dünyada nümunəvi ölkələrdən biridir. Ölkə başçısının təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, bununla bağlı Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirilməsi respublikamızın müsəlman aləmində, bütövlükdə dünyadakı nüfuzundan irəli gəlir.
Səyavuş Heydərov dini radikalizmlə mübarizədə hər kəsi, xüsusilə mühafizə keşikçilərini diqqətli olmağa çağırıb, bununla bağlı tövsiyələrini verib.