İQTİSADİYYAT


“Bakı Metropoliteni” QSC əsaslı təmir olunmuş qanovların sayını 9-a çatdırıb

Bakı, 4 may, AZƏRTAC

"Bakı Metropoliteni" QSC-nin "Nərimanov" elektrik deposunda qatarlara texniki-baxış sahəsi olan qanovların yenidən qurularaq əsaslı təmir olunması işləri mərhələli şəkildə davam etdirilir. Növbəti üç qanovda işlərin yekunlaşdırılması ilə müasir standartlar səviyyəsində təmir olunan qanovların sayı 9-a çatdırılıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, bu işlər "Nərimanov" elektrik deposunda aparılan silsilə yenidənqurma tədbirlərinin bir hissəsidir. Buna qədər qaldırma təmiri və digər xidməti sahələrdə yenidənqurma tədbirləri aparılmaqla yeni alınan avadanlıqlar və tətbiq edilən stendlər də daxil olmaqla, işin ardıcıllığı, əmək şəraiti və təhlükəsizliyi, keyfiyyəti və səmərəsi artırılıb.

Qeyd edək ki, 1966-cı ildə fəaliyyətə başlamış deponun qanovlarında irihəcmli təmir-bərpa işləri aparılmayıb və bu tədbirlər həm də dövrün tələbinə çevrilib. Əsaslı təmir çərçivəsində qatarların əsas dayanacaq yeri olan qanovların ilkin mərhələdə yolları sökülüb. Daha sonra yeni beton özül qoyulmaqla, dərinliyinin normativ göstəricilərə uyğunluğu yoxlanılmaqla müvafiq tədbirlər görülüb. Yolun üstquruluş elementləri də tamamilə dəyişdirilərək, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib. Texniki baxış-təmir sahəsinin hər iki başında baş vaqonlara daxil olmaq üçün yeni pilləkən konstruksiyası qurulub, döşəmə və divarları suvanaraq rənglənib. Müasir texniki-normativ tələblər səviyyəsində yenidən qurulmuş qanovların elektrik və işıqlanma, həmçinin drenaj sistemləri tamamilə yenilənib. Qatarların baş vaqonunun ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində xüsusi mexanizmlər quraşdırılıb.

Qanovlardan depo yollarına çıxan sahə də əsaslı şəkildə yenilənir. Burada yol yatağı, çınqıllı bünövrə üzərində qurulur, dəmir-beton şpallar düzülür. Onu da əlavə edək ki, depo və park yollarında dəmir-beton şpalların tətbiqi də genişləndirilib və bu günə qədər 6 minə qədər ağac - şpal dəmir-beton analoqu ilə əvəzlənib. Bu isə yollara qulluğu asanlaşdırıb, eyni zamanda, onların daha uzunömürlü olması, ölkə daxilində istehsal edilməsi çox böyük qənaət və səmərə deməkdir. Tədbirlər çərçivəsində yolun üstquruluşu avadanlıqları və təmas relsi də yenilənir və mərhələli şəkildə davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.