İQTİSADİYYAT


Bakı Metropoliteninin 55 illiyi münasibətilə yubiley poçt markaları buraxılıb VİDEO

Bakı, 27 oktyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Bakı Metropoliteninin 55 illiyinə həsr olunmuş iki yeni poçt markasını dövriyyəyə buraxıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 27-də markaların təqdimat mərasimi keçirilib. Mərasimdə “Azərpoçt” MMC-nin marka şöbəsinin rəisi Sitarə Sadıqova Bakı Metropoliteninin paytaxtın ictimai nəqliyyatındakı xüsusi rolu barədə danışıb. Vurğulayıb ki, metro 1967-ci ildə istifadəyə veriləndən qısa müddət sonra həm də Bakının əsas rəmzlərindən birinə çevrilib. Bu xüsusda yeraltı nəqliyyatın 55 illiyinə həsr olunmuş markaların dövriyyəyə buraxılması əlamətdar hadisədir. Sitarə Sadıqova yeni markaların filatelistlərin diqqətini çəkəcəyinə də əminliyini bildirib.

“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov qeyd edib ki, metropoliten 55 illik fəaliyyəti dövründə paytaxtın nəinki nəqliyyat, hətta bu şəhərin inkişaf nəbzini müəyyən edən rəmzlərindən birinə çevrilib. O, yubiley markalarının dövriyyəyə buraxılmasına görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, “Azərpoçt” MMC-yə təşəkkürünü ifadə edib və bunun metropolitenin yubiley tədbirlərinə xüsusi töhfə olduğunu bildirib.

Daha sonra yeni markaların möhürlərinin açılması mərasimi olub.

RİNN-in tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən buraxılmış markaların birində Bakı şəhərinin rəmzləri hesab edilən tarixi və müasir tikililərin əhatələndiyi dairə boyunca hərəkət edən metro qatarının qrafik təsviri verilib. Təsvirin tam mərkəzində “55” rəqəmi həkk olunub. Dairəvi təsvirin aşağı sahəsində “1967-2022” tarixləri və “Bakı Metropoliteni” ifadəsi yer alıb. Markanın konsepsiyasında metropoliten Bakının tarixi-mədəni abidələrini və milli-mədəni irsimizin dəyərlərini özündə ehtiva edən paytaxt rəmzi kimi göstərilib.

“Azərpoçt”un dövriyyəyə buraxdığı digər markada Bakı Metropoliteni xətlərində hərəkət edən texnoloji innovasiyalar baxımından müasir vaqonlardan ibarət qatar tərkibi öz əksini tapıb. Markanın yuxarı hissəsində “55 il. Bakı metropoliteni. 1967-2022”, qatar təsvirinin aşağı hissəsində isə “2018-2021-ci illər 81-765 B./766 B. seriyalı vaqonlardan ibarət qatar” sözləri qeyd olunub.

Markaların tərtibat müəllifi rəssam-mütəxəssis Orxan Qarayevdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.