İQTİSADİYYAT


“Bakı Metropoliteni”nin tarixində ilk qadın maşinist işə götürülüb

Bakı, 13 aprel, AZƏRTAC

"Bakı Metropoliteni" QSC-nin tarixində ilk qadın maşinist işə götürülüb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, ilk dəfə hərəkət qatarlarının maşinistləri yeni qayda üzrə seçilir. Ötən ilin oktyabrında bu qayda ilə başlanmış ilk kursu uğurla başa vuran 12 nəfər sərnişin qatar maşinistləri sırasına daxil olub. Daha 3 nəfərə isə kadr komissiyası qarşısına təkrarən çıxmaq üçün daha bir şans, 1 aylıq hazırlıq möhləti verilib.

Kurslar barədə elan verildikdən sonra, "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytı vasitəsilə 500-dən çox müraciət daxil olub. Onlardan 339-u əsas tələblərin şərtlərinə uyğun gəlməyib. Dəvət edilmiş 170 nəfərdən 127-si ilk seçim mərhələsində iştirak edib. Komissiya ümumi və texniki bilik səviyyəsinə, psixoloji duruma, dünyagörüşü və maşinist peşəsi ilə bağlı məlumatlılığa qiymət verib. 31 nəfər növbəti seçim turuna keçib. İkinci mərhələyə 3 nəfər qatılmaq istəməyib və peşəkar mütəxəssislərin psixoloji testindən 22 nəfər uğurla çıxıb. Tibbi yoxlamadan ibarət olan üçüncü mərhələdən 3 nəfər könüllü imtina edib.

Qalan 19 nəfərdən 2-si fikrindən dönüb və dərslər 17 iddiaçı ilə başlanıb. Tədris proqramı hər iş günü olmaqla əvvəlcə sırf nəzəri, daha sonra həm də praktiki hissələrdən ibarət olub. Proqramda metropoliten infrastrukturu, hərəkətin təşkili ilə bağlı bütün sistem və avadanlıqlarla tanışlıq, qatarların idarə edilməsi, vəzifə və texniki istismar üzrə təlimatların mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və digər proqram həcmi əksini tapıb. Hər tədris mərhələsində müdavimlərin biliyi yoxlanılaraq qiymətləndirilib. Təlimlər zamanı iştirakçılardan daha 2-si kursu könüllü olaraq tərk edib. Tədris prosesi dövründə iştirakçılara təqaüdlər verilib.

Metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb. 10-dan çox qadın müraciət etsə də, bütün seçim turlarını onların arasında yalnız bir qadın uğurla keçib. Hazırlıq kursunu da müvəffəqiyyətlə bitirən Günay Həbibli Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi düşüb. O, təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərənlər cərgəsində olub.

Yaxın vaxtlarda kurslara yeni seçim başlanacaq. Fevralın 15-dək elektron qaydada müraciət edənlərin elanda qeyd olunmuş tələblərə uyğunluğu yoxlanılır və seçim turunun siyahısı tərtib edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.