İQTİSADİYYAT
Bakı Metropoliteninin yeni korpusu iyun ayında istifadəyə veriləcəkdir
Bakı, 18 fevral (AZƏRTAC). Tezliklə Bakı Metropoliteninin idarə edilməsi, hərəkətin təşkili və tənzimlənməsi, sərnişin təhlükəsizliyini təmin edəcək yeni texnoloji korpusun inşasında sonuncu mərhələ başlayacaq və sonra binanın təchizat işlərinə keçiləcəkdir.
Bakı Metropoliteninin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, bununla əlaqədar qurumun rəisi Tağı Əhmədov texnoloji korpusda xidmət, şöbə və sahə rəhbərləri, mütəxəssislərin iştirakı ilə səyyar müşavirə keçirmişdir.
Üç blokdan ibarət doqquzmərtəbəli binanın ilk 2-4-cü mərtəbələri qatar hərəkəti və təhlükəsizlik məsələlərinin təminatında həlledici rol oynayacaqdır. Burada dispetçer məntəqələri, videomüşahidə sistemləri, rabitə və işarəvermə, enerji avadanlıqları yerləşdiriləcəkdir.
T.Əhmədov təsdiq olunmuş son layihələrlə bağlı məlumatı dinləmiş, sonra əsas tikinti işlərini icra edən “Azərtunelmetrotikinti”nin sahə rəhbəri və mütəxəssislərinin işi ilə maraqlanmışdır.
Binada, həmçinin metropolitenin strukturuna daxil olan vahidlərin rəhbər və əsas mütəxəssis ehtiyatı da yerləşdiriləcək. 5-9-cu mərtəbələr xidmətlər, idarə aparatı və şöbələr nəzərdə tutulmuşdur. Binada ümumi havalandırma və kondisionerləşdirmə, isitmə, həmçinin müasir siqnalizasiya və yanğın təhlükəsizliyi sistemləri tətbiq olunacaqdır. Bununla bağlı əsas işlər artıq görülmüş, kanallar, boru xətləri çəkilmiş, avadanlıqların əksər qismi yerləşdirilmişdir. Binanın rabitə xətlərinin çəkilməsi də başa çatdırılmışdır.
Binanın üst qatında yerləşən verandada 80-100 nəfərlik 2 yeməkxana olacaqdır. Hər iki obyekt artıq avadanlıqların yerləşdirilməsi üçün tam hazır vəziyyətə gətirilmişdir. Binanın su təchizatının daimi əsaslarla təmin edilməsinin vacibliyi nəzərə alınaraq, iki iritutumlu su çəni də qoyulmuş və hidroizolyasiyası ilə bağlı işlər tamamlanmaq üzrədir.