İQTİSADİYYAT
Bakı Metrosunun “28 may” stansiyasının yenidən qurulması layihəsi üzrə ilkin podrat müqaviləsi imzalanmışdır
Bakı, 18 fevral (AZƏRTAC). Bakı Metropoliteni, Tikilən Bakı Metropoliteni Müdiriyyəti və “Akkord-Bouyges” birgə müəssisəsi adından çıxış edən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında Bakı metrosunun “28 May” stansiyasının yenidən qurulması – “qırmızı” və “yaşıl” xətlərinin ayrılması layihəsi üzrə ilkin podrat müqaviləsi imzalanmışdır.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi” ASC–nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na müvafiq olaraq 2012-ci il noyabrın 7-də Bakı Metropoliteni və “Akkord-Bouygues” birgə müəssisəsi arasında Bakı Metrosunun inkişafı layihəsi çərçivəsində “28 May” stansiyasının yenidən qurulması və yeni “yaşıl xətti”nin Xətai - Həzi Aslanov-2 hissəsinin (7 kilometr tunel və 3 yeni stansiya) tikintisi üzrə anlaşma memorandumu imzalanmışdır.
Hələ 2011-ci ilin iyunun 29-da “Akkord” ilə “Bouygues Travaux Publics” arasında imzalanan anlaşma memorandumu Azərbaycanda infrastruktur layihələrində və həmçinin Bakı şəhərində yeni metropoliten xətləri və stansiyalarının tikintisində birgə iştirak məqsədlərini ehtiva edir.
“Bouygues Travaus Publics” şirkəti dünyanın ən iri maliyyə-sənaye qruplarından biri olan “Bouygues Qrup”a daxildir. “Bouygues Qrup” Şərqi və Qərbi Avropada, Yaxın Şərq və Afrikada, Asiya-Sakit okean hövzəsi regionunda uğurla fəaliyyət göstərməklə yanaşı, Şimali Amerika – ABŞ və Kanadada da yeni bazarlara çıxış əldə etmişdir.