İQTİSADİYYAT
Bakı Metrosunun yeni qatarı sərnişin tutumuna görə digər qatarlardan daha üstündür VİDEO
Bakı, 23 aprel, Elvin Camalov, AZƏRTAC
Bakı Metrosunun yeni qatarı sərnişin tutumuna görə digər qatarlardan daha üstündür.
AZƏRTAC xəbər verir ki, Bakı metrosunda istismara buraxılan yeni qatarlar əvvəlki qatarlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarda havalandırma və kondisioner sistemi var. Qatar 5 vaqondan ibarətdir və vaqonlararası keçidlər mövcuddur. Vaqonlarda qapıların enli olması da sərnişinlərin daha rahat düşüb-minməsi üçün şərait yaradır.
Qatarlarda mövcud olan ultrabənövşəyi işıqlar vasitəsilə hava bioloji olaraq tənzimlənir. Bu qatar bütün texnoloji avadanlıqlar baxımından ən son nəslə aid qatardır.
Əsas yeniliklərdən biri isə vaqonların hər birində 16 ədəd olmaqla qatarda 80 ədəd USB portların mövcudluğudur. Bundan əlavə hər vaqonda fiziki məhdudiyyətli insanlar üçün oturacaqlar və əlil arabalarının dayanması üçün yerlər var. Həmçinin sərnişin tutumuna görə də digər qatarlardan üstündür. Qatarın istismar müddəti 31 ildir.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair müqavilə imzalayıb. yeni qatarların alınması ilə bağlı müqaviləni “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metrovaqonmaş” şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb. Artıq ilk qatar Azərbaycandadır. Digər qatarın may ayının sonuna kimi gətirilməsi planlaşdırılır.