REGİONLAR
Bakı Mühəndislik Universiteti ilə Yıldız Teknik Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
Xırdalan, 20 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Yıldız Teknik Universitetinin (YTT) rektoru, professor Bahri Şahin və universitetin dekanı Sezgin Bakırdere Bakı Mühəndislik Universitetində (BMU) olublar. Qonaqlarla görüşdə BMU-nun struktur bölmə rəhbərləri də iştirak edib.
AZƏRTAC xəbər verir ki, BMU-nun rektoru, professor Havar Məmmədov Azərbaycan-Türkiyə əlaqələrinin bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.
Rektor qonaqlara ali məktəbin fəaliyyəti və hədəfləri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, universitetin kadr potensialı və maddi-texniki bazası yüksək səviyyədədir. İxtisasların əksəriyyətində tədris ingilis dilində aparılır və universitetdə geniş imkanları olan texnopark fəaliyyət göstərir. “Bunlar müsbət amil olsa da, gənc universitet olduğumuz üçün inkişafımızın sürətlənməsində beynəlxalq əməkdaşlığın rolu böyükdür”, - deyən rektor bu baxımdan Yıldız Teknik Universiteti ilə əməkdaşlığın rolundan danışıb.
YTT-nin rektoru, professor Bahri Şahin rəhbərlik etdiyi universitet haqqında məlumat verərək bildirib ki, 37915 tələbənin təhsil aldığı ali məktəbdə 11 fakültə var və hər fakültənin tərkibində bir neçə ixtisas fəaliyyət göstərir. Ali məktəb texniki universitet olsa da, iqtisadi və pedaqoji ixtisaslar da mövcuddur. Rektor universitetin dünyanın 661 ali məktəbi ilə əməkdaşlıq etdiyini, bunlardan da 6-sının Azərbaycan universiteti olduğunu vurğulayıb.
Sonra rektorlar universitetlər arasında əməkdaşlıq protokolunu imzalayıblar.
Əməkdaşlıq çərçivəsində müəllim–tələbə mübadiləsi, birgə elmi konfranslar, seminarlar, texnoparklararası layihələr və bu kimi digər fəaliyyətlər həyata keçiriləcək.