REGİONLAR
Bakı Mühəndislik Universitetində Dövlət Bayrağı Günü qeyd olunub
Xırdalan, 8 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən bayram tədbirində ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağımıza həsr edilən videoçarx nümayiş olunub.
Universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Azərbaycan Respublikasının dövlət bayrağının tarixindən danışan rektor Prezident İlham Əliyevin sərəncamına əsasən 2009-cu ildən noyabrın 9-nun bütün dünya azərbaycanlıları üçün müqəddəs bir təqvimə çevrildiyini diqqətə çatdırıb. O, 9 noyabrın ümumxalq bayramı kimi qeyd edilməsinin dövlət atributlarımızın təbliği baxımından əhəmiyyətli olduğunu bildirib.
“Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılıb, dövlətçiliyimiz möhkəmlənib”, - deyən rektor bu gün Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin xüsusi yer tutduğunu vurğulayıb.
Tədbir tələbələrin ifasında bir-birindən maraqlı səhnəciklərlə, musiqi nömrələri və rəqslərlə davam edib.