REGİONLAR
Bakı Mühəndislik Universitetində I beynəlxalq elm və texnologiya konfransı keçirilir
Xırdalan, 29 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) bu ali təhsil müəssisəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə I beynəlxalq elm və texnologiya konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransın açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndələri, dünyanın bir sıra ölkələrinin ali təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. Konfransa 10 ölkədən 100-dən çox məqalə təqdim olunub.
Konfransın işinə uğurlar arzulayan BMU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, dünyanın müasir inkişaf səviyyəsinə çatmasında mühəndislik ixtisaslarının rolu danılmazdır. Rəhbərlik etdiyi universitet haqqında konfrans iştirakçılarına ətraflı məlumat verən rektor ali məktəbdə 17 mühəndislik ixtisası üzrə kadr hazırlığının həyata keçirildiyini deyib. Universitetdə artıq üçüncü beynəlxalq konfransın keçirildiyini diqqətə çatdıran rektor bu tədbirin ali təhsil müəssisələrində elmi mühitin formalaşmasında və yüksəkixtisaslı kadr hazırlığında rolunu xüsusilə qeyd edib. Qeyd olunub ki, konfrans ali məktəb işçiləri və müəllimləri, mühəndis və texniki elmlər sahəsi mütəxəssisləri və doktorantların öz elmi-praktik işlərinin nəticələrini bölüşmək və müzakirə etmək üçün əlverişli meydandır.
Plenar iclasda isə AMEA–nın həqiqi üzvü, akademik Vaqif Abbasov, ABŞ-ın Florida Atlantik Universitetinin professoru İsaac Elishakoff, professor Natalya D.Vaysfel'd, professor Natiq Əhmədov məruzə ilə çıxış ediblər.
Konfrans işini bölmə iclaslarında davam etdirib.