REGİONLAR
Bakı Mühəndislik Universitetində Mahatma Qandinin anadan olmasının 150-ci ildönümü qeyd edilib
Xırdalan, 11 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Hindistanın azadlıq hərəkatının lideri Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələrlə yanaşı, Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna da iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlarla görüşdə universitetin rektoru, professor Havar Məmmədov ali təhsil müəssisəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, universitetdə mühəndislik, iqtisadiyyat və pedaqoji ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.
“Əksər ixtisaslarda tədris ingilis dilində aparılır”, - deyən rektor xüsusi vurğulayıb ki, bu, universitetin beynəlxalq əlaqələrinin inkişafına və beynəlxalq mübadilə proqramlarında iştirakına imkan verir. Havar Məmmədov BMU-nun Hindistan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Səfir Bavitlunq Vanlalvavna ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olmasından və təhsil əlaqələrinin inkişafının vacibliyindən danışıb.
Daha sonra universitetin akt zalında baş tutan tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Hindistanın azadlıq hərəkatının lideri Mahatma Qandinin həyatını əks etdirən film nümayiş olunub.
Tədbirdə Mahatma Qandinin ideyalarının sülhə və insanlar arasında irqi ayrı-seçkiliyin ortadan qaldırılmasına xidmət etdiyi vurğulanıb.
Sonda tələbələrin ifasında Hind rəqsləri və musiqilərindən ibarət bədii hissə təqdim olunub.