REGİONLAR
Bakı Mühəndislik Universitetində Respublika fənn olimpiadasının informatika üzrə yarımfinal turu keçirilib
Xırdalan, 9 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Məktəblilərin İnformatika üzrə Respublika fənn olimpiadasının respublika mərhələsinin yarımfinal turu keçirilib. Müsabiqədə Bakı, Gəncə, Sumqayıt, Şirvan, Qusar, Mingəçevir, Lənkəran, Kürdəmir və İsmayıllının ümumtəhsil məktəblərindən 107 şagird iştirak edib.
AZƏRTAC xəbər verir ki, informatika fənn olimpiadası 5-8, 9 və 10-11-ci siniflər üzrə keçirilib. Bu müsabiqədə ilk dəfə olaraq PC^2 Proqramlaşdırma Müsabiqəsi Nəzarət Sistemindən istifadə edilib və yeni qayda tətbiq olunub. Yarımfinal turundan əvvəl sistemlə tanışlıq məqsədilə sınaq turu keçirilib. Sonra şagirdlərə yarımfinal turunun məsələləri təqdim edilib, 4 saat ərzində 5 alqoritmik məsələnin proqramlarını (C, C++, Python, Pascal, Java proqramlaşdırma dillərində) tərtib etmək və PC^2 sistemində sınaqdan keçirmək tapşırığı verilib.
Müvəffəqiyyət qazanan şagirdlər mayın 6-da keçiriləcək final turuna vəsiqə qazanıblar.
Xatırladaq ki, aprelin 7-də keçirilən bilik yarışının yarımfinal turunda məktəblilər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya və informatika fənləri üzrə biliklərini sınayıblar. Bundan əlavə, xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən aşağı sinif şagirdləri də öz bilik və bacarığını nümayiş etdiriblər.