REGİONLAR
Bakı Mühəndislik Universitetində Ümummilli Liderin xatirəsi anılıb
Xırdalan, 8 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə universitetin müəllim–tələbə heyəti ilə yanaşı, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev də iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra ümummilli lider Heydər Əliyevin həyatından və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, respublikamızın ən yeni tarixində müstəsna xidmətləri olan böyük azərbaycanlı Heydər Əliyevin bütün ömrü hər birimiz üçün əsl vətənpərvərlik məktəbidir. Ulu Öndər istər sovet imperiyası dönəmində, istərsə də müstəqilliyinin bərpasından sonrakı dövrlərdə ömrünü Azərbaycan xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr edib.
Respublikamızın ikinci dəfə müstəqilliyə qovuşmasını tarixi nailiyyət kimi dəyərləndirən rektor bu müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə vurğulayıb. Ulu Öndərin apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunduğu, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı qeyd edilib. Heydər Əliyevin Azərbaycanda bütün sahələrin inkişafının əsasını qoyduğunu vurğulayan rektor ölkəmizin bu gün də Prezident İlham Əliyev tərəfindən sürətlə inkişaf etdiyini bildirib.
Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, YAP-ın qurucusu Heydər Əliyev son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın tələbi ilə ikinci dəfə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. O deyib ki, Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edir, qüdrətlənir.
BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Amil Abdullayev və YAP gənclər təşkilatının sədr müavini Sənan Məmmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik xüsusiyyətlərindən, xalqına olan məhəbbətindən, gənclərə göstərdiyi diqqət və qayğısından danışdılar. Qeyd edilib ki, Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müasir, inkişaf etmiş, yüksək intellektli gənc nəslin yetişdirilməsindən ibarətdir.