QAN YADDAŞI
Bakı Mühəndislik Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
Xırdalan, 23 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Anım mərasimi faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Havar Məmmədov çıxışında Ermənistanın Azərbaycana ərazi iddiası, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bildirilib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durur. Belə ki, bir gecənin içində Xocalı şəhəri yerlə-yeksan edilib, əhali indiyədək görünməmiş dəhşətli qətliama məruz qalıb. Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, hətta körpə uşaqların gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşilib.
Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyev 1994-cü ildə Xocalı soyqırımı ilə əlaqədar Fərman imzalayıb. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunub.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün mühüm işlər görür.
Sonra tədbir iştirakçıları “Xocalı soyqırımı şahidlərin dili ilə” adlı sənədli filmi izləyiblər.