REGİONLAR
Bakı Mühəndislik Universitetinin müəllimindən mühüm elmi yenilik
Xırdalan, 16 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayevin dünyada məşhur olan “Elsevier” nəşriyyatının “Journal of Molecular Liquids” jurnalında elmi məqaləsi nəşrə qəbul edilib.
Azərbaycanlı alim “Experimental and computational study of metal-free Bronsted acidic ionic liquid catalyzed benzylic C(sp3)-H bond activation and C-N, C-C cross couplings” adlı məqaləsi ilə erməni alimi Andranik Petrosyanın və onun tədqiqatçı yoldaşlarının Almaniya universitetlərindən birinin laboratoriyasında apardığı tədqiqatın nəticələrini alt-üst edib.
AZƏRTAC xəbər verir ki, məqalədə BMU-nun alimi çoxəvəzli pirazinlərin sintezində mövcud üsullara alternativ olaraq ekoloji təmiz, atom ekonomik və qısamüddətli metod təklif edir. Bu metoddan istifadə etməklə BMU-nun tədqiqat laboratoriyasında optimallaşdırma işləri aparılıb və məhsulun çıxımı artırılıb. Ağır və bahalı metal katalizatorunun alternativi kimi ucuz ion mayesi katalizatoru işlətməklə qısa müddətə solvent istifadə etmədən çoxəvəzli pirazinlərin alınması elmi yenilikdir.
Əslən erməni olan A.Petrosyan və onun tədqiqatçı yoldaşları “Tetraheron Vol” jurnalında nəşr etdiyi məqaləsində pirazinlərin alınmasına çoxmərhələli və çox bahalı katalizatorlardan istifadə edərək 18 saat sərf etdiyi halda, Yusif Abdullayevin tədqiqatında bu proses 1 saata başa çatıb.
Nəticədə, eyni məhsulun alınması istiqamətində aparılan iki elmi tədqiqatı müqayisə etdikdə azərbaycanlı alimlərin universitetin tədris laboratoriyasında apardıqları tədqiqat qabiliyyətinin, təklif olunan qısa və səmərəli üsulun üstünlüyü açıq-aşkar görünür.
Pirazinlər və onların törəmələri tibdə böyük əhəmiyyət kəsb edir. Pirazinlər bioloji aktivliyə malikdir, az toksik maddələr olduğu üçün farmakofor kimi istifadə olunur.