CƏMİYYƏT
Bakı Mühəndislik Universitetinin tələbə və məzunlarına əmək bazarında mövcud olan tələbat haqqında məlumat verilib
Bakı, 18 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı Mühəndislik Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə tələbə və məzunlara yiyələndikləri ixtisaslar üzrə əmək bazarında mövcud olan tələbat haqqında məlumat verilib, onlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq imkanı yaradılıb.
Tədbirdə 3-ü dövlət, 70-ci özəl sektora aid olmaqla 543, eyni zamanda, Bakı Mühəndislik Universiteti tərəfindən dəvət olunan 14 özəl müəssisə tərəfindən 234 vakant iş yeri təqdim edilib. İştirakçılara seçdikləri və ixtisaslarına uyğun vakant iş yerlərinə göndərişlər verilib. Tələbə və məzunlar işəgötürənlərin nümayəndələrinə öz CV-lərini təqdim ediblər.
Vakant iş yeri təklif edən 73 müəssisədən 26-sı tələbə və məzunlara təcrübə proqramları keçmək təklifi ilə çıxış edib. Ayrı-ayrı iştirakçılar həmin proqramlarda iştirak etmək üçün qeydiyyata alınıblar.