Bakı Musiqi Akademiyasında Əməkdar incəsənət xadimi Tərlan Seyidovun xatirəsi anılıb
AzerTAg.az
Bakı, 17 mart, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun xatirəsi anılıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və mötəbər sənət adamları iştirak edirdilər.
Ömrünü Azərbaycan musiqi mədəniyyəti və təhsilinin inkişafına həsr etmiş, böyük mütəfəkkir, professor Tərlan Seyidovun əziz xatirəsi BMA-nın məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovaya aid qiraət videoçarxı ilə yad edilib.
BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli uzun illər çiyin-çiyinə çalışdığı həmkarı, professor Tərlan Seyidovun xatirəsini ehtiramla yad edib və onun geniş fəaliyyəti haqqında dəyərli fikirlərini bölüşüb.
Professor Tərlan Seyidovun, təməlini qoyduğu və ömrünün sonuna kimi rəhbərlik etdiyi Orta ixtisas musiqi məktəb-studiyasının məzunları, beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijorları – Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov və Mustafa Mehmandarov, bəstəkar-pianoçu Tural Məmmədli, pianoçular Fəqan Həsənli, Coşqun Qadaşov, Nuranə Zeynalova, Zərif Kərimova, Nərgiz Kəngərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Mustafayeva (violonçel), Emil Hüseynov (violin) və orqan ifaçısı Gülnar Mirqasım müdrik şəxsiyyəti öz ifaları ilə yad ediblər.
BMA-nın məktəb-studiyasının tədris işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının dosenti Sevda Məmmədova öz müəllimi və rəhbəri haqqında danışaraq ilk növbədə, onun öz peşəsinə nə qədər məsuliyyətlə yanaşdığını və bu xüsusiyyəti öz ətrafında toplamış həmkarlarından tələb etdiyini vurğulayıb, eyni zamanda professor Tərlan Seyidovun daim yeni ideyalarla çıxış etdiyini söyləyib.
Anım tədbiri, söz və musiqisi Aytən İbrahimovaya aid olan vokal, violin və xor kollektivi üçün yazılmış məktəb-studiyanın möhtəşəm himni ilə yekunlaşıb. Əsər, solist – məktəb-studiyanın müəllimi Şəfəq Hacıyeva, violin ifaçısı BMA-nın tələbəsi Emil Hüseynov, konsertmeyster – məktəb-studiyanın müəllimi Ofeliya Axundova və dosent Aqil Qafulovun rəhbərlik etdiyi məktəb-studiyanın uşaq xor kollektivinin ifasında səslənib.



Xəbərin mətnində orfoqrafik səhv var