MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında “Nəsimi romans” respublika müsabiqə-festivalı keçirilib

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” Sərəncamı əsasında Nəsimi irsinin araşdırılması, öyrənilməsi və təbliği məqsədilə 2019-cu il “Nəsimi ili” elan edilib.

AZƏRTAC xəbər verir ki, Prezidentin sərəncamını əsas götürərək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) gənc bəstəkarlar arasında “Nəsimi romans” respublika müsabiqə-festivalı elan edib.

Festivalın bədii rəhbəri BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, münsiflər heyətinin üzvləri Əməkdar incəsənət xadimləri, professorlar Aydın Əzimov, Sərdar Fərəcov, Ceyhun Allahverdiyev, Nazim Mirişli, Cəlal Abbasov, BMA-nın Humanitar fənlər kafedrasının müdiri, professor Tərlan Quliyevdir.

Layihənin ideya müəllifi və təşkilatçısı BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundovadır.

Münsiflər heyəti, gənc və istedadlı bəstəkarların Nəsiminin sözlərinə yazılmış yeni 17 romansı dinlədikdən sonra müsabiqənin qaliblərini təyin ediblər. Qaliblər təşkilat komitəsi tərəfindən pul mükafatı ilə də mükafatlandırılıblar. Romansları yüksək səviyyədə ifa etdiklərinə görə Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Fuad Əlizadə və beynəlxalq müsabiqələr laureatı Rza Xosrovzadə fəxri fərmanla təltif olunublar.

Müsabiqədə səslənən 17 romans toplu şəklində çap olunub.

Festivalda Xalq artisti Teyyub Aslanov, Əməkdar artistlər Elşən Mansurov, Əliağa Sədiyev, Kənan Kərimov, İlham Nəzərov, Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.