MƏDƏNİYYƏT


Bakı Musiqi Akademiyasında Ulu Öndərin 99-cu ildönümünə həsr olunmuş konsert təşkil edilib

Bakı, 13 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında konsert təşkil edilib.

BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi Şəfəq Hacıyevanın AZƏRTAC-a verdiyi məlumata görə, tədbirdən əvvəl dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Sonra sözləri Mirkazım Seyidov və musiqisi Sevda Məmmədliyə məxsus "Yaşayır Heydər ata!" kompozisiyasının klipi müəllifin ifasında tamaşaçılara təqdim edilib.

Məktəb-studiyanın tədris işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova Ulu Öndərin vətəninə, millətinə olan sonsuz sevgisindən bəhs edib. Bildirilib ki, xalqının mənafeyini, gələcəyini düşünən Ulu Öndər hər zaman gənclərə öz dəyərli məsləhətlərini verərək, onları vətənə layiqli şəkildə xidmət etməyə səsləyib.

Tədbirdə həmçinin Ulu Öndərimizin folklorumuza, xalq mahnılarına ehtiram və sevgisindən bəhs edilib.

Konsertin ilk nömrəsində Ümummilli Liderin çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısı səsləndirilib. Məktəb-studiyanın vokal sinfi üzrə IX sinif şagirdi Gülnarə Salmanovanın ifası tamaşaçıların zövqünü oxşayıb.

Tədbirdə əsasən ansambl çıxışlar üstünlük təşkil edib. Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Avropa və rus musiqi əsərləri də proqramda yer alıb. Fortepiano ixtisası üzrə VI sinif şagirdləri -beynəlxalq müsabiqə laureatı Davud Ağalar və violin ixtisası üzrə beynəlxalq müsabiqə diplomantı Yusuf Məmmədli Con Van Xyuzenin “Polka and moonbeams” pyesini ifa ediblər. Nuray Abdullalı, Leyla Mirzəyeva və Xatun Quliyeva fleytada ifa etdikləri fransız bəstəkarı Leo Delibin “Lakme” operasından “Güllərin dueti” əsərini səsləndiriblər.

Maraq doğuran musiqi nömrələrindən biri də ingilis bəstəkarı Ceremayya Klarkın “Marş” pyesi olub. Bu əsər fərqli bir yanaşma ilə sərgilənib. Belə ki, burada orqan və saksofon alətlərinin birgə səslənməsi barokko dövrünün möhtəşəmliyini və müasir zəmanənin azad ruhunu özündə birləşdirərək ecazkar bir lövhə yaradıb. Fatimə Kələntərova orqanda, İsa Kələntərov isə saksofonda ifa ediblər. Beynəlxalq müsabiqələr laureatı Məhəmmədəli İbrahimov (ksilofon) və Ziya Hüseynovanın (marimba) P.Çaykovskinin “Qu gölü” baletindən səsləndirdikləri Qu quşlarının rəqsi maraq doğurub. Məktəb-studiyanın fortepiano ixtisası üzrə beynəlxalq müsabiqə diplomantı Şəhla Yusibova və Solmaz Əliyeva isə Arif Məlikov yaradıcılığına müraciət ediblər. Onlar bəstəkarın “İki fortepiano üçün skertso”sunu məharətlə ifa ediblər.

Konsertin davamında Arif Məlikov yaradıcılığının tədqiqatçısı, məktəb-studiyanın elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova ulu öndər Heydər Əliyevə musiqinin, demək olar, əksər janrlarında - simfonik, kamera-instrumental, xor əsərləri, mahnı və romanslarda əsərlər həsr olunduğunu deyib. Ulu Öndərə həsr olunan əsərlər siyahısında Arif Məlikovun Səkkizinci “Əbədiyyət” simfoniyası xüsusilə, qeyd olunub. Bu əsərdə bəstəkar “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından istifadə edib.

Sonra Aytən İbrahimovanın “Sarı gəlin” Azərbaycan xalq mahnısının ansambl (sekstet) üçün işləməsi dinlənilib. Əsəri fortepianoda müəllif Aytən İbrahimova və X sinif şagirdi Nurel Kərimova ifa ediblər. Onları violində Yusuf Məmmədli və Yasəmən Əhədova, fleytada – Xatun Quliyeva, violonçeldə – məktəb-studiyanın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tahirə Mustafayeva müşayiət edib.

Növbəti çıxışı məktəb-studiyanın vokal sinfi üzrə təhsil alan X sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Teymur Kazımovun ifası olub. Onun Müslüm Maqomayevin “Odlar yurdu” mahnısını məharətlə ifa etməsi dinləyicilərin ruhunu oxşayıb. Bir-birinin ardınca səslənən musiqi nömrələri arasında K.V.Qlyukun “Orfey” operasından məşhur “Melodiya”sı ifa olunub. Orqanda beynəlxalq müsabiqələr laureatı Maryam Qədimova və fleytada Xatun Quliyeva dinləyiciləri bu heyrətamiz musiqinin sehrinə dalmağa vadar ediblər.

Konsert Nurel Kərimovanın fortepiano alətində solo ifası ilə davam edib. O, rus bəstəkarı Sergey Raxmaninovun 4 saylı etüd-lövhəsini özünəməxsus tərzdə səsləndirib.

Məktəb-studiyanın X sinif şagirdi Lalə Rüstəmxanlı babası, Xalq şairi Sabir Rüstəmxanlının “Millətəm” şeirini səsləndirməsi tamaşaçılarda xoş duyğular yaradıb.

Sözləri Qabil Ədalətə, musiqisi Aytən İbrahimovaya aid Heydər Əliyev dühasını vəsf edən “Ulu bir sərkərdə, ulu bir öndər” adlı kompozisiya konsertə rəngarənglik qatıb. Bu gözəl əsər məktəb-studiyanın müəllimi Şəfəq Hacıyeva (vokal), Yusuf Məmmədli (violin), Xatun Quliyeva (fleyta), BMA-nın I kurs tələbəsi Tamirlan Baxşıyev (zərb alətləri) və məktəb-studiyanın xor kollektivinin ifasında konsertə rəng qatıb.

Konsert proqramı böyük maraqla qarşılanıb.

Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano" kafedrasının professoru və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru Tərlan Seyidov bildirib ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayacaqdır. O deyib: “Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil edilən konsert proqramı məndə gözəl təəssüratlar oyatdı. Konsertin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm. Onlar ən xoş sözlərə layiqdirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.