MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında elmi-ifaçılıq konfransı keçirilib
Bakı, 23 may, AZƏRTAC
Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Təhsil Nazirliyi və akademiyanın birgə təşkilatçılığı ilə Xalq artisti, professor Sevda İbrahimovaya həsr olunmuş “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının “Musiqi ifaçılıq sənətinin və pedaqogikanın aktual problemləri” adlı elmi-ifaçılıq konfransı keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konfransda dosent Elnarə Məmmədova çıxış edərək “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının yaranması, son 50 illik fəaliyyəti, bəstəkar Sevda İbrahimovanın kafedranın həyatındakı rolu haqqında ətraflı danışıb.
Sonra kafedranın müəllimləri müxtəlif məruzələrlə çıxış ediblər. Məruzələrdə bəstəkarın həyat və yaradıcılıq yolundan ətraflı bəhs olunub, onun müraciət etdiyi musiqi janrları və əsərləri haqqında geniş çıxışlar edilib. Konfransda BMA-nın müəllim heyəti ilə yanaşı, tələbə heyəti də aktiv iştirak edib.