MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasında məişət zorakılığına həsr edilmiş vebinar keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbələri üçün “Məişət zorakılığına YOX deyək” adlı vebinar keçirilib. BMA-dan AZƏRTAC-a bildirilib ki, vebinar Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Fəaliyyət Planı”nın aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə təşkil olunub.
Vebinarda Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova çıxış edərək Azərbaycan və SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin salamlarını və xoş arzularını vebinar iştirakçılarına çatdırıb. Sonra o, vebinarın mövzusu ətrafında fikirlərini bölüşüb.
Vebinarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə mövzu ətrafında maarifləndirici məlumatlarla çıxış edib. BMA-nın professor-müəllim heyəti də fəal iştirak edərək, təlimçiyə suallar ünvanlayaraq, ailə-məişət zorakılığı, onun növləri, erkən evlilik, cəmiyyətdə gender bərabərliyi, iqtisadi, psixoloji zorakılıq, fiziki zorakılıq, şiddət və onun həlli yolları ilə bağlı birgə fəaliyyət üçün maraqlı təkliflər irəli sürərək, gələcəkdə bu istiqamətdə birgə qarşılıqlı layihələr, təlimlər həyata keçirməyin, eyni zamanda, müəyyən tədbirlərin görülməsinin zəruriliyi qeyd edilib.
T.Hüseynov, həmçinin tələbələrin ailə-məişət zəminində üzləşdikləri problemlər və ya bu kimi hallar yaranacağı təqdirdə psixoloji zorakılıq haqqında onların verdikləri suallara ətraflı cavab verərək, mövzunun hüquqi tərəflərini də izah edib.